Dondurulmuş qidaların sağlamlıq üçün zərərli olduğu geniş yayılmış bir fikir olsa da, bəzi qidalar dondurulmuş halda daha çox qida maddələrini qoruyur və sağlamlıq üçün faydalıdır. Dondurma prosesi qida maddələrini qorumağa kömək edir və bəzi hallarda təzə qidalardan daha yaxşı seçim ola bilər.
E-saglam.az xəbər verir ki, çiyələk və digər giləmeyvələr yaddaşı dəstəkləyən antioksidantlarla zəngindir. Onların tərkibindəki antosiyaninlər idrak funksiyalarını yaxşılaşdırır və qocalmanı ləngidə bilər. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə ispanaq və kələm, K vitamini və fol turşusu ilə zəngindir, bu da yaddaşı dəstəkləyir və demans riskini azaldır. Brokoli və gül kələm kimi çarmıxlı tərəvəzlər beyin hüceyrələrini oksidləşdirici stressdən qorumaq üçün faydalıdır.
Yağlı balıqlar, məsələn, somon və skumbriya, omeqa-3 yağ turşularının mənbəyi olaraq beyin funksiyasını dəstəkləyir. Balığın dondurulması omeqa-3 yağ turşularını qoruyaraq, ürək və idrak sağlamlığına töhfə verə bilər. Edamame isə zülal, lif və fol turşusu ilə zəngin olub, idrak funksiyalarını dəstəkləyir və depressiya riskini azaldır.
Dondurulmuş ispanaq və brokoli təzə olanlarla müqayisədə daha çox C vitamini və digər qida maddələrini saxlaya bilər. Təzə məhsullarda vitaminlər zamanla azalır, amma məhsul yığıldıqdan dərhal sonra dondurulan qidalar qida dəyərini uzun müddət qoruyur. Dondurulmuş şirin qarğıdalı da təzə qarğıdalıya nisbətən daha çox C vitamini ehtiva edə bilər və daha uzun müddət dadlı qalır.
Beləliklə, dondurulmuş qidalar doğru şəkildə seçildikdə və istifadə edildikdə, həm idrak sağlamlığı, həm də ümumi sağlamlıq üçün faydalı ola bilər. Bu qidalar xüsusilə mövsümi olaraq əlçatan olmayan məhsulları istehlak etmək üçün praktik bir alternativdir.
Tərcümə: Könül Oruc