ABŞ prezidenti Donald Trampa ayaqlarında yaranan şişkinlik səbəbilə xroniki venoz çatışmazlıq (CVI) diaqnozu qoyulub.
E-saglam.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, prezident son günlər alt ətraflarında narahatlıq hiss etdikdən sonra fiziki müayinədən keçib.
Prezidentin həkimi Şon Barbabella qeyd edib ki, bu vəziyyət 70 yaşdan yuxarı şəxslərdə rast gəlinən ümumi və ciddi olmayan hal kimi qiymətləndirilir. Müayinələr zamanı Trampda dərin damar trombozu (DVT) aşkarlanmayıb və onun ümumi sağlamlıq vəziyyəti “əladır”.
Diaqnoz, Trampın 13 iyulda FIFA Klublararası Dünya Çempionatının final matçında iştirak etdiyi zaman çəkilən və sosial şəbəkələrdə yayılan ayaq şəkillərindən sonra qoyulub. Fotolarda prezidentin topuqlarında nəzərəçarpacaq şişkinlik görünürdü, bu isə ictimaiyyətdə sağlamlıqla bağlı suallar doğurmuşdu.
Həkimlər bildirirlər ki, CVI ayaqlardakı damarların qanı ürəyə effektiv qaytara bilməməsi ilə xarakterizə olunur. Nəticədə ayaqlarda şişkinlik, ağrı və göyərmələr meydana çıxır.
Prezident Tramp, həmçinin bu həftə əlindəki qançırı da gizlətməyə çalışıb. O, Bəhreynin vəliəhd şahzadəsini qarşılayarkən çəkilən şəkillərdə əlində tünd ləkə görünürdü.
Tərcümə: Könül Oruc