Üzü nə qədər tez-tez yumaq lazımdır, hansı məhsul seçilməlidir və dərinin qoruyucu baryerini qorumaq üçün nələrdən çəkinmək gərəkdir?
E-saglam.az xəbər verir ki, dermatoloq-kosmetoloq Tatyana Yeqorova üz təmizlənməsinin əsas prinsiplərini açıqlayıb.
Mütəxəssis gündə iki dəfə təmizlənməyi tövsiyə edir - səhər gecə qulluq rutinindən qalan artıq yağı və qalığı, axşam isə makiyaj, sebum və çirkləri təmizləmək üçün. Bundan tez-tez yumaq dərinin qoruyucu baryerinə zərər verə bilər.
Yeqorovaya görə, məhsul seçimi dəri tipindən asılıdır. Normal, qarışıq və yağlı dəri üçün yumşaq aktiv maddələrə malik gel və köpüklər uyğundur. Quru, həssas və susuz dəri üçün isə krem, balzam və hidrofilik yağlardan istifadə tövsiyə olunur. Hialuron turşusu, pantenol, qliserin, eləcə də A, E və C vitaminləri arzuolunan tərkib hissələri sırasındadır.
Su temperaturuna da diqqət yetirilməlidir. Sərin və ya ilıq su ən yaxşı seçimdir - isti su dərini qurudur, soyuq su isə çirkləri yetərincə təmizləmir, üstəlik temperatur dəyişikliyi rozaseaya səbəb ola bilər.
Texnika məsələsində həkim üzü ovuşdurmamağı, əksinə təmiz dəsmalla yumşaq şəkildə qurutmağı tövsiyə edir - sızanaq problemi olanlar dəsmalı daha tez-tez dəyişməlidir. Skrab, pilinq və ferment tozlarından isə altı həftədə bir dəfədən çox istifadə edilməməlidir, əks halda quruluq və qıcıqlanma yarana bilər.
Yeqorovaya görə, axşam qulluq rutini bir neçə mərhələdən ibarət olmalıdır. Əvvəlcə miselyar su, süd və ya hidrofilik yağla makiyaj təmizlənir - suya davamlı makiyaj üçün ikifazalı məhsullar daha uyğundur. Sonra yumşaq köpüklü gel ilə üz yuyulur, ardınca pH balansını normallaşdırmaq üçün spirtsiz losyonla toniklə yuma edilir və nəhayət dəri tipinə uyğun serum və kremlə nəmləndirilir. Səhər rutini isə daha sadədir - çox quru və ya həssas dəri üçün bəzən sadəcə nəmləndirici losyonla üzü silmək kifayətdir, digərləri üçün isə su ilə yüngül yuma və yumşaq təmizləyici tələb olunur.
Mütəxəssis bir neçə zərərli vərdişdən imtina etməyi də tövsiyə edir - üz üçün çox sərt olan adi əl sabunundan istifadə etmək, dərinin cırıltılı təmiz hiss olunmasına çalışmaq (bu, əslində hidrolipid baryerin pozulduğunun əlamətidir) və süngər, fırça kimi vasitələrdən həddindən artıq istifadə etmək.
Təmizləmənin keyfiyyətini yoxlamaq üçün isə dermatoloq sadə bir üsul təklif edir: dərini toniklə isladılmış pambıq disklə silmək. Əgər disk tamamilə təmiz çıxırsa, təmizlənmə uğurlu olub.
Tərcümə: Könül Oruc