Sağlamlıq
Dəm qazı riskinin yaranmaması üçün
Sağlamlıq
9

Dəm qazı riskinin yaranmaması üçün nələrə diqqət edilməlidir?

Qış mövsümünün gəlişi və havaların soyuması ilə əlaqədar təbii qazdan istifadəyə tələbat artır. Əhali evlərin qızdırılması üçün müxtəlif tipli qaz cihazlarından istifadə edir. Lakin evlərdə, o cümlədən hamam otaqlarında quraşdırılan qaz cihazlarında təhlükəsizlik qaydalarına əməl olunmaması, onların düzgün quraşdırılmaması və havalandırma sistemlərinin nasazlığı dəm qazı riskinin yaranmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, hər il dəm qazı riski ilə bağlı xəbərdarlıqların edilməsinə və maarifləndirici məlumatların yayılmasına baxmayaraq, faciəvi hallar təkrarlanır. Rəngi, iyi və dadı olmayan bu təhlükəli qaz hər il insanların sağlamlığına ciddi zərər vurur, bəzi hallarda isə ölüm qaçılmaz olur. Bu il də dəm qazından zəhərlənmələr və bundan həyatını itirənlər var.

AZƏRTAC məsələnin aktuallığını nəzərə alaraq, dəm qazı riskinin yaranmaması üçün zəruri olan tədbirlərə aydınlıq gətirib.

Qaz cihazı saz olmalı, tüstü bacaları təmizlənməlidir

Fövqəladə Hallar Nazirliyinin bu məsələ ilə bağlı mütəmadi olaraq yaydığı maarifləndirici məlumatda bildirilir ki, dəm qazı təhlükəsindən qorunmaq üçün qaz cihazı saz və standartlara uyğun olmalıdır. Cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

“Yadda saxlamaq lazımdır ki, dəm qazı iysizdir, hiss edilmir. Ondan zəhərlənmənin əlamətlərinə başağrısı, başgicəllənməsi, ürək bulanması, halsızlıq daxildir. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır”, - deyə məlumatda vurğulanır.

Qaz cihazlarına kənar müdaxilələr yolverilməzdir

Ekspert Elmar Nurəliyev AZƏRTAC-a açıqlamasında təbii qazın olduğu yerlərdə təhlükəsizlik məsələsinə hər zaman diqqət yetirilməli olduğunu qeyd edib: “Çünki qazın fiziki və kimyəvi xassələri düzgün istismar olunmadıqda, bu hal dəm qazının yaranmasına gətirib çıxarır. Ona görə də məişətdə istifadə edilən qaz təsərrüfatının təhlükəsiz istismarı həyata keçirilməlidir. İlk növbədə, standartlara cavab verən qaz cihazlarından istifadə etmək lazımdır”.

O bildirib ki, otaqlarda mütləq şəkildə havalandırma, ventilyasiya, nəfəslik dəm qazı sızmasına qarşı detektorlar olmalıdır. Qazın yanması üçün otaqda kifayət qədər havanın olması vacibdir. Əgər otaqda hava olmazsa, bu hal yanma prosesini əngəlləyir. Bu da dəm qazının yaranmasına səbəb olur. Həmçinin tüstü bacaları mütləq standartlara uyğun və daim işlək halda olmalıdır. “Yaxşı olar ki, ildə iki dəfədən az olmayaraq tüstü bacaları təmizlənsin. Təbii ki, təmizlənmə prosesi ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Ümumiyyətlə, qaz cihazlarına hər hansı kənar müdaxilələr etmək, texniki qulluq göstərmək, yerdəyişmə etmək və yaxud tüstü bacalarına müdaxilə yolverilməzdir. Texniki xidmətdən tutmuş təmir işlərinə qədər hər birinin yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməsi təmin edilməlidir”, - deyə Elmar Nurəliyev diqqətə çatdırıb.

Təhlükəsizliyə əməl edilməli, detektorlar quraşdırılmalıdır

Ekspertin sözlərinə görə, dəm qazı natamam yanma məhsuludur və tüstü-baca işlək vəziyyətdə deyilsə, eləcə də sorma qabiliyyəti və otaqda kifayət qədər hava olmazsa, bu yanma prosesini əngəlləyən amilə çevrilir. Ona görə də təhlükəsizlik amillərinə mütləq diqqət edilməli, evlərdə detektorlar quraşdırılmalıdır. “Detektorlar dəm qazı əmələ gələn zaman səs siqnalı verir və mövcud təhlükə ilə bağlı istehlakçının məlumatı olur. Bu zaman istehlakçı digər prosesləri həyata keçirməklə dəm qazı təhlükəsindən qurtulmuş olur”.

Elmar Nurəliyev diqqətə çatdırıb ki, dəm qazı, əsasən, hamam otaqlarında yaranır. “Hamam otaqlarında, ümumiyyətlə, təhlükəsizlik baxımından qaz cihazının olması məqsədəuyğun deyil. Əgər cihaz quraşdırılsa belə, mütləq orada havalanma sistemi, ventilyasiya, nəfəslik və tüstü-bacası normativ standartlara uyğun olmalıdır”, - deyə o qeyd edib.

Müvafiq qurumların xəbərdarlıqları və ekspertlərin söylədikləri bir daha göstərir ki, dəm qazı təhlükəsinin qarşısının alınması birbaşa vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməsindən asılıdır. Qaz cihazlarından düzgün istifadə, havalandırma sistemlərinin saz vəziyyətdə saxlanılması və mütəmadi texniki baxışın aparılması insan həyatının qorunmasında mühüm rol oynayır.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun