Saç sağlamlığı yalnız estetik deyil, eyni zamanda ümumi sağlamlığın göstəricisidir. Mütəxəssislər bildirirlər ki, balanslı və düzgün qidalanma saç tökülməsini azalda, saçları daha güclü və sağlam edə bilər.
E-saglam.az xəbər verir ki, zəif görünən, incəlmiş və ya tökülən saçlar bir çox insan üçün özünəinam problemlərinə səbəb ola bilər. Bu səbəblə saç baxımı üçün hər il milyonlarla insan kosmetik məhsullara və salonlara müraciət edir. Halbuki saçları dəstəkləmək üçün ən güclü üsullardan biri düzgün qidalanmadır.
Qidalanma və saç sağlamlığı arasında əlaqə
Mütəxəssislərə görə, saç bədənin yaşaması üçün həyati orqan sayılmadığı üçün qida çatışmazlığı zamanı ilk təsirlənən bölgələrdən biri olur. Yəni orqanizm enerji və qida maddələrini daha vacib sistemlərə yönəldir, bu da saçlarda tökülmə, qırılma və cansızlıqla nəticələnə bilər.
Saç sağlamlığı üçün tövsiyə olunan əsas qidalar
C vitamini – kollagen istehsalını dəstəkləyir, saç follikullarını gücləndirir. Təbii mənbələr: sitrus meyvələri, çiyələk, brokoli, kivi.
Omeqa-3 yağ turşuları – saç dərisini qidalandırır, quruluğu və kəpəyi azaldır. Təbii mənbələr: somon, skumbriya, kətan toxumu, qoz.
Biotin (B7 vitamini) – saç folikullarının fəaliyyətində mühüm rol oynayır. Təbii mənbələr: yumurta, paxlalılar, tam taxıllar, qoz-fındıq.
Dəmir – oksigenin saç follikullarına daşınmasını təmin edir, keratin sintezində vacibdir. Təbii mənbələr: qırmızı ət, mərcimək, ispanaq.
Zülal – keratin quruluşunun əsas maddəsidir. Təbii mənbələr: yumurta, ət, balıq, süd məhsulları, paxlalılar.
Sink – saçların inkişafında və təmirində rol oynayır. Təbii mənbələr: dəniz məhsulları, toyuq əti, qırmızı ət, badam, günəbaxan tumu.
Unutmayın: hər saç problemi qidalanma ilə bağlı deyil
Saçlarda ani və ya davamlı dəyişikliklər baş verdikdə, altında başqa sağlamlıq problemlərinin olub-olmadığını müəyyən etmək üçün həkimə müraciət etmək vacibdir. Eyni zamanda, uzunmüddətli oruc əsaslı pəhrizlər və ya enerji çatışmazlığı ilə müşayiət olunan dietalar da saç tökülməsini artıran amillər sırasındadır.
Mütəxəssislər vurğulayırlar ki, sağlam və güclü saçlara sahib olmağın əsası düzgün, balanslı və davamlı qidalanmadan keçir.
Tərcümə: Könül Oruc