COVID xəstəxanasının reanimatoloqu: “Delta” ştammı böyrəkləri sıradan çıxarır və tromboza səbəb olur”
COVID xəstəxanasının reanimatoloqu: “Delta” ştammı böyrəkləri sıradan çıxarır və tromboza səbəb olur”

”Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası tüğyan edir. İyulun əvvəlində ölkədə “Delta” (“Hindistan”) ştammı aşkar edildikdən sonra vəziyyət gün keçdikcə daha da pisləşir.

“Son 10 gündə koronavirus infeksiyasının dördüncü dalğasını yaşayırıq və yeni yoluxma sayında artım müşahidə olunur”.

E-saglam.az bildirir ki, bu barədə Media.Az-a “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib. Onun sözlərinə görə, Avropa Dərman Vasitələri Agentliyi (EMA) bu ilin avqust ayının sonunadək dünya üzrə bütün COVID xəstələrinin 90%-nin məhz bu ştamma yoluxacağını proqnozlaşdırıb.

“Əlbəttə ki, biz dünyanın bir hissəsiyik və bu ştammın Azərbaycanda yayılacağı öncədən proqnozlaşdırılırdı. Ancaq əvvəlki dalğalar zamanı şöbəmizə qəbul edilən reanimasiya xəstələri ilə hazırki xəstələr arasında əhəmiyyətli bir fərq görürük. İndi ağır xəstələrin əksəriyyətində kəskin böyrək çatışmazlığı və tromboz inkişaf edir. Özü də həmin xəstələr xroniki böyrək çatışmazlığından əziyyət çəkməyən şəxslərdir”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, virusun bu növü böyrəklərə son dərəcə mənfi təsir göstərir. Xüsusən də yaşlılar, həmçinin artıq çəki, şəkərli diabet və digər xroniki xəstəliklərə malik olanlar böyük risk altındadır.

“Bilirsinizmi, bu dəfəki COVID dalğası əvvəlki dalğalara nisbətən daha şiddətlidir. Virus nə qədər çox orqana nüfuz etsə, ölüm nisbəti də o qədər yüksək olur. Böyrək kimi həyati vacib bir orqanın vurisa yenik düşməsi müalicə prosedurunu əhəmiyyətli dərəcədə çətinləşdirir. Belə xəstələr hemofiltrasiya, plazmaferez və hemodializdən keçməlidirlər. Ən kritik vəziyyət isə xroniki böyrək xəstəliyi olanlar üçündür. Bu zaman infeksiya onlar üçün ölümcül ola bilər. Təsəvvür edin ki, indi reanimasiya şöbəsində 30 xəstə var, 80%-dən çoxunda artıq kəskin böyrək çatışmazlığı və tromboz inkişaf edib. Bundan əlavə, boş yerlərimiz yoxdur və 25 xəstə ağciyərlərin süni havalandırılması aparatına qoşulub. İngiltərə və Türkiyə üzrə araşdırmalarıma əsaslanaraq deyə bilərəm ki, kritik vəziyyətdə olan və aparata qoşulması tələb edilən xəstələr arasında sağ qalma nisbəti 25-30%-dir. Biz də təxminən eyni vəziyyətdəyik”, - deyə şöbə müdiri qeyd edib.

Emil Qasımov deyib ki, hazırda reanimasiyada olan xəstələrin yaş həddi dəyişməyib, əsasən 50 yaşdan yuxarı vətəndaşlardır. Əlbəttə ki, az hallarda da olsa, 50 yaşdan aşağı xəstələrə də rast gəlinir.

Həkimin fikrincə, pandemiyadan xilas olmağın yeganə yolu peyvənd və üç qızıl qaydaya riayət etməkdir: sosial məsafə saxlamaq, tibbi maska ​​taxmaq və əl gigiyenasına diqqət etmək.