Qoxuduyma təlimi COVID-19 virusuna yoluxma nəticəsində insanlarda itmiş iybilmə hissini bərpa edə bilər.
E-saglam.az xəbər verir ki, bu barədə TASS-a Seçenov Universitetinin mətbuat xidmətindən məlumat verilib.
İzah edilib ki, sözügedən təlim iybilmə pozğunluğu olan xəstələr üçün qeyri-dərman müalicəsi üsuludur. Bu üsul xəstəni gündə bir neçə dəfə on saniyə ərzində dörd qoxuya məruz qoymaqdan ibarətdir:
"Seçenov Universitetinin otorinolarinqoloqları metodu təkmilləşdiriblər. Onlar qoxuları müəyyən bir ardıcıllıqla çatdıran avtomatlaşdırılmış aparat və proqram sistemindən istifadə edirlər. Bu zaman xəstə həm qoxuları tanıyır, həm də fərqləndirir.
Bu metoda həmçinin təlim prosesində beyində baş verən dəyişiklikləri obyektiv şəkildə qiymətləndirməyə kömək edən və müalicə nəticələrinə təsir göstərən elektroensefaloqrafiya (EEQ) daxildir.
Sorğu məlumatlarına görə, yoluxucu xəstəlikdən sonra iybilmə pozğunluğu olan xəstələrin əksəriyyəti, narahatlıq və depressiya da daxil olmaqla, psixo-emosional vəziyyətlərində də dəyişiklik olduğunu bildirirlər.
Hazırda COVID-dən sonra iybilmə hissini itirən insanlar üçün heç bir dərman və ya cərrahi müalicə yoxdur. Qavrayışı bərpa etməyin yeganə yolu qoxuduyma təlimidir".
Əlavə edilib ki, ilkin məlumatlar bu cür təlimin effektivliyini təsdiqləyib.
Oxu.az