Çörək süfrənin əsas qidalarından biri olsa da, bəzi insanlar üçün ciddi sağlamlıq probleminə çevrilə bilər.
E-saglam.az xəbər verir ki, xalq arasında “çörəyin yeyilməsinə mane olan xəstəlik” kimi tanınan çölyak, buğda, arpa və çovdarda olan qlüten adlı zülala qarşı orqanizmin anormal reaksiyası nəticəsində yaranır.
Çölyak xəstəliyi çox vaxt gizli simptomlarla özünü göstərir. Ən geniş yayılmış şikayətlərə qarın ağrısı, şişkinlik və qaz, ishal və ya qəbizlik, səbəbsiz çəki itkisi, dəmir çatışmazlığı anemiyası, halsızlıq və yorğunluq daxildir. Bəzi xəstələrdə diş minasında pozuntular, dəri səpgiləri və uşaqlarda böyümə geriliyi də müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, diaqnoz gec qoyulduqda bağırsaqlarda zədələnmə yaranır və bu, vitamin-mineral çatışmazlığına səbəb olur. Nəticədə sümük əriməsi, qanazlığı, sonsuzluq və sinir sistemi pozuntuları kimi problemlər ortaya çıxır.
Çölyak xəstəliyinin məlum olan yeganə müalicəsi ömür boyu qlütensiz pəhrizdir. Bu səbəbdən çörək, makaron və digər un məhsulları qəti şəkildə qadağandır. Onların yerinə düyü, qarğıdalı və kartof kimi qlütensiz alternativlərdən istifadə edilməlidir.
Son illərdə artan məlumatlılıq sayəsində mağazalarda qlütensiz məhsulların çeşidi artıb. Lakin həkimlər xəbərdarlıq edirlər ki, çölyak xəstələri çöldə yemək yeyərkən çox diqqətli olmalıdır. Çünki ən kiçik qlüten qarışması belə ciddi fəsadlara yol aça bilər.
Tərcümə: Könül Oruc