“Çörəyin hazırlanmasında istifadə olunan maya onun saxlama müddətinə təsir edir. Əgər kimyəvi mayalardan istifadə olunursa, bu zaman çörəyin saxlama müddəti 48 saatdan 72 saata qədər olur. Ancaq qara çörəklərdə və yaxud çovdar çörəyində daha çox təbii mayadan istifadə olunur və bir çox hallarda da ümumiyyətlə mayasız bişirərək toxumlarla zənginləşdirirlər. Qara çörəkdə istifadə olunan unun tərkibindəki liflər və digər təbii komponentlər onun daha uzun müddət qalmasına kömək edir”.
E-saglam.az xəbər verir ki, bunu Moderator.az-a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Məhsəti Hüseynova qeyd edir ki, un məmulatları, çörək, şirniyyat - bunların hər biri tərkibinə, növünə, bişirilmə qaydasına, tərkibində istifadə olunan təbii və qatqı maddələrinə görə bir-birindən fərqlənir:
“Eyni zamanda, bu məmulatların həm rəf ömrü, həm qablaşdırma, həm də saxlama müddəti fərqlidir. Çörəyin tərkibində istifadə olunan maya belə onların saxlama müddətinə təsir edir. İstifadə olunan qatqı maddələri də çörəyin təzə qalma müddətini uzadır. Şirniyyatlarda istifadə olunan şəkər belə məhsulun uzun müddət qalmasına, gec xarab olmasına kömək edir. Bir çox məhsulların hazırlanmasında istifadə olunan qatqı maddələri – emulqator, stabilzator təbii mənşəlidirsə, təhlükəsiz sayılır. Əgər un məmulatlarında kimyəvi, sintetik mənşələlərdən istifadə olunubsa, immun sistemi güclü olan insana hər hansı bir fəsad verməsə də, immun sistemi zəif olan insanlarda bəzən allergiyalara, həzm problemlərinə gətirib çıxarda bilər. Ümumiyyətlə, gündəlik istifadə olunan çörəklərdə saxlama şəraiti, istehsal müddəti, son istifadə müddəti göstərilməklə istifadə etmək sağlamlıq üçün faydalıdır”.
Ekspert vurğulayır ki, ağ çörəklə, qara çörək arasındakı fərq kalori miqdarına görə və tərkibinə görə fərqlənsə də, əsas keyfiyyətə önəm vermək lazımdır:
“Ağ çörəkdən istifadə edən insanlar daha az kalori əldə etmək üçün onun bir qədər qazda və yaxud tosterlər vasitəsilə qurudularaq istifadə edə bilər. Çörəyin nəmliyini azaltmaqla kalorisi azalır və bu da asan həzmə səbəb olur. Sağlamlıq üçün çörəkdən istifadə edəcəyiksə , günün birinci yarısında istifadə etsək,daha yaxşı olar. Çörəyin miqdar hər bir insana yaşına, cinsinə, gündəlik fiziki aktivliyinə görə dəyişə bilər. Axşam saatlarında çəki almaq istəməyənlər və yaxud da həzm problemindən əziyyət çəkən insanlar günün ikinci yarısında çörəkdən istifadə etməsələr, daha yaxşı olar”.
E-saglam.az