Çox isti çay və ya qəhvə içmək qida borusu xərçəngi riskinin artması ilə əlaqələndirilir.
E-saglam.az xəbər verir ki, epidemioloq Keren Papier açıqlamasında insanların isti içkilər qəbul edərkən yol verdiyi bu səhvə diqqət çəkib.
Mütəxəssisin sözlərinə görə, təxminən 980 min insanın məlumatlarının araşdırıldığı tədqiqatda isti içkilər qəbul edənlərdə qida borusu xərçəngi riskinin ilıq içkilərə üstünlük verənlərlə müqayisədə daha yüksək olduğu müəyyən edilib. Çox isti içkilər qəbul edənlərdə isə riskin daha da yüksək olduğu bildirilib.
Papierin sözlərinə görə, bunun mümkün səbəblərindən biri yüksək temperaturun qida borusunu örtən hüceyrələrə zərər verməsidir. Davamlı olaraq çox isti içkilər qəbul etmək toxumalarda qıcıqlanma və zədələnməyə səbəb ola bilər.
Epidemioloq insanların bunun qarşısını almaq üçün sadə addım ata biləcəyini bildirib. Onun sözlərinə görə, çay və qəhvəni içməzdən əvvəl bir qədər soyumasını gözləmək daha məqsədəuyğundur.
Mütəxəssis qida borusu xərçəngi riskini azaltmaq üçün əsas addımlar arasında siqaretdən uzaq durmağı və spirtli içki qəbulunu azaltmağı da qeyd edib.
Papier əlavə edib ki, əvvəlki araşdırmalarda gündə altı dəfədən çox isti içki qəbul edən insanlarda riskin əhəmiyyətli dərəcədə arta biləcəyi göstərilib. Hazırda isə alimlər zərərli təsirin hansı temperaturdan başladığını daha dəqiq müəyyənləşdirməyə çalışırlar.
Tərcümə: Könül Oruc