Fizik Pavel Vargin ozon təbəqəsi tam bərpa olunarsa, bunun həyatımıza necə təsir edəcəyindən danışıb.
E-saglam.az xəbər verir ki, alimin sözlərinə görə, ozon təbəqəsinin bərpası güclü və uzunmüddətli ozon dəliklərinin daha az müşahidə olunmasına səbəb ola bilər. Bu isə Yer səthinə çatan ultrabənövşəyi (UB) şüalanmanın azalması və bununla bağlı sağlamlıq risklərinin aşağı düşməsi deməkdir.
Lakin ekspert vurğulayır ki, ozon təbəqəsinin bərpası günəşdən qorunmaq ehtiyacını aradan qaldırmır. Günəş şüalarına uzun müddət məruz qalmaq yenə də dəri və gözlər üçün risk yarada bilər.
Bu səbəbdən xüsusilə günorta saatlarında birbaşa günəş altında uzun müddət qalmaqdan çəkinmək və günəşdən qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Hündür ərazilərdə, qar örtüyü olan yerlərdə və ağ qumlu çimərliklərdə UB şüalanmanın daha güclü ola biləcəyi də nəzərə alınmalıdır.
Alim həmçinin qeyd edib ki, ozon dəliyinin “birdəfəlik bağlanması” kimi bir prosesdən söhbət getmir. Məsələn, Antarktida üzərindəki ozon dəliyi mövsümi olaraq dəyişir: Cənub yarımkürəsində müəyyən dövrlərdə kiçilir, daha sonra yenidən genişlənir.
Ozon təbəqəsinin uzunmüddətli bərpası isə atmosferə daxil olan ozondağıdıcı maddələrin azalması ilə bağlı prosesdir və bunun nəticələri tədricən özünü göstərir.
Tərcümə: Könül Oruc