Avstraliyalı alimlər müəyyən ediblər ki, həftədə bir qısa qaçış belə vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
E-saglam.az xəbər verir ki, Melburndakı Viktoriya Universitetinin mütəxəssisləri tərəfindən aparılan genişmiqyaslı araşdırmaya görə, sürətindən və müddətindən asılı olmayaraq qaçış şəklində istənilən fiziki fəaliyyət istənilən səbəbdən ölüm riskini 27%, ürək-damar xəstəlikləri və xərçəngdən isə müvafiq olaraq 30% və 23% azaldır.
Alimlər 232 000-dən çox insanın iştirak etdiyi 14 araşdırmanı təhlil edərək müəyyən ediblər ki, həftədə hətta 50 dəqiqə qaçış (10 km/saatdan az sürətlə) sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün kifayətdir. Nə qədər sürətli və ya uzun qaçmağınızın əhəmiyyəti yoxdur - əsas odur ki, qaçasınız.
Qaçışın optimal “dozası” hələ müəyyən edilməsə də, elm adamları əmindirlər ki, istənilən fiziki fəaliyyət heç bir fəaliyyət göstərməməkdən yaxşıdır. Hətta 25 dəqiqəlik qaçış (tövsiyə olunan intensiv məşqdən az) artıq sağlamlıq risklərini azaldır.
Tərcümə: Könül Oruc