Yandex watch
Bu vərdiş körpələrdə diş çürüməsinə və piylənməyə səbəb olur -

Avstraliyada aparılan yeni bir araşdırma butulka ilə qidalanan körpələrin erkən diş çürüməsi və artıq çəki riski ilə qarşılaşdığını ortaya çıxarıb. Mütəxəssislər valideynləri bu təhlükəli vərdişdən əl çəkməyə çağırır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Sidney Universitetinin rəhbərliyi ilə Qərbi Sidney Universitetinin “Sağlam Gülüşlər, Sağlam Uşaqlar (HSHK)” layihəsi çərçivəsində 700-dən çox uşaq üzərində aparılan araşdırmada anaların sorğu cavabları, uşaqların diş müayinələri və bədən ölçüləri nəzərə alınıb. Araşdırmanın nəticələrinə görə:

2 yaşlı uşaqların 30%-dən çoxu hələ də yatarkən butulka ilə qidalanır. Bu uşaqlarda artıq çəki riski iki dəfə çoxdur.

3 yaşında hələ də butulka istifadə edən uşaqlarda isə  erkən diş çürüməsi ehtimalı iki dəfə artır.

Araşdırmanın aparıcı müəllifi, Sidney Universitetinin Tibb Bacılığı Məktəbinin doktorantı Heilok Cheng bildirib ki:

 "Avstraliyada tövsiyələrə əsasən, uşaqlar 6 aylıqdan stəkanla içməyə başlamalı, 12 aylıqdan isə butulkadan istifadəni tamamilə dayandırmalıdırlar. Körpəni butulka ilə yatırtmaq heç bir yaşda məsləhət görülmür."

Cheng əlavə edib ki, süd və formula məhsulları təbii və əlavə şəkər ehtiva etdiyindən, butulka ilə yatmaq həddindən artıq qidalanmaya və çəki artımına səbəb ola bilər. Süd dişləri gələcək diş sağlamlığının təməlidir

Tədqiqat ilkin dişlərdə çürük yaranmasının gələcəkdə ciddi diş problemləri ilə əlaqəli olduğunu da ortaya qoyub. Cheng erkən yaşda ağız və diş sağlamlığına diqqət yetirməyin vacibliyini vurğulayıb:

"Valideynlər uşaqlarının inkişafını yaxından izləməli və etibarlı səhiyyə mütəxəssislərindən dəstək almalıdırlar."

Avstraliyada uşaqların diş müayinələri Uşaq Diş Müavinətləri Sxemi çərçivəsində dəstəklənir. Mütəxəssislər uşaqların ilk dişi çıxdıqda və ya ən gec 1 yaşında diş həkimi müayinəsinə aparılmasını tövsiyə edirlər.

Heilok Cheng bildirib ki, doğru informasiya və dəstək sayəsində ailələr bu zərərli vərdişdən imtina edə bilərlər. Karitane, Tresillian və Raising Children's Network kimi təşkilatlar ana südü, qidalanma, inkişaf və diş sağlamlığı haqqında faydalı resurslar təqdim edir.

E-saglam.az

Tərcümə: Zəhra Niftiyeva