Kim deyib ki, ən yaxşı pizza yalnız restoranda olur? Öz əllərinizlə bişirdiyiniz pizzanı dadmamısınızsa, hələ "pizza" sözünün mənasını bilmirsiniz deməkdir!
Evdə hazırlanan pizza tamam fərqli olur: isti, ətirli, sevgi ilə hazırlanmış, öz seçiminizə uyğun xəmir və yalnız sizin zövqünüzə uyğun içliklə.
E-saglam.az bu resepti təqdim edir:
Bugünkü reseptimiz - hətta mətbəxlə arası olmayanların da uğurla hazırlaya biləcəyi sınanmış pizza reseptidir. Üstəlik, bonus olaraq, nadir rast gəlinən — pizzaxanalarda belə tapılmayan möhtəşəm bir içlik: “Dörd qitə”!
Variant 1 – Mayasız xəmir (ən tez hazırlanandır!)
Tərkibi
İlıq su – 50 millilitr
Un – 130 qram
Yumurta – 1 ədəd
Yağ (zeytun yağı daha uyğundur) – 1 çay qaşığı
Duz – 0.5 çay qaşığı
Hazırlanması
Suyu bədən temperaturunda isidin. Üzərinə yumurta, duz və yağı əlavə edib çəngəllə qarışdırın. Ələnmiş unu əlavə edin və əllə 15–20 dəqiqə (və ya mikserlə 10 dəqiqə) yumşaq, elastik xəmir yoğurun.
Xəmiri 10–15 dəqiqə "dincə qoyun". Nazik şəkildə yayaraq sous çəkin, içlik əlavə edin. Əvvəlcədən 180°C-də qızdırılmış sobada 15–20 dəqiqə bişirin.
Variant 2 – Mayalı xəmir (pizzaxana tərzi)
2 pizza üçün:
İlıq su – 200 millilitr
Quru maya – 1.5 çay qaşığı
Un – 300 qram
Bitki yağı – 2 xörək qaşığı
Şəkər – 1.5 çay qaşığı
Duz – bir çimdik
Hazırlanması
Mayanı və şəkəri ilıq suda həll edin. 10 dəqiqə gözləyin (maya köpüklənsin). Duz və yağı əlavə edin, unu hissə-hissə qarışdırın. Yumşaq, elastik xəmir alınana qədər yoğurun (təxminən 20 dəq).
Xəmiri 1 saat isti yerdə saxlayın. Həcmini itirmədən yoğurub 2 yerə bölün və yayın. Üzərinə sous və içlik əlavə edib 180°C-də əvvəlcədən isidilmiş sobada 5–7 dəq bişirin.
İçlik-sensasiya: “Dörd qitə”
Avropa, Asiya, Amerika və Şərqin dadlarının birləşdiyi bu qarışım həm qeyri-adi, həm də ləzzətli və ətirlidir.
Tərkibi
Pomidor sousu – 4 xörək qaşığı
Bərk pendir (çedder, mozzarella və ya sulquni) – 150 qram
Şampinyon göbələyi – 100 qram
Qril və ya hisə verilmiş toyuq əti – 100 qram
Konserv ananas – 50 qram
Qurudulmuş və ya yağda marinad olunmuş pomidor – 3–4 ədəd
Qırmızı soğan – yarım baş
Reyhan və ya cəfəri – zövqə görə
Qara istiot, oregano – bir çimdik
Hazırlanması
Xəmirin üzərinə pomidor sousu çəkin, üzərinə istiot və oregano səpin. Rəndələnmiş pendiri yayaraq əsas qat kimi istifadə edin. Sonra təbəqə-təbəqə: toyuq, yüngülcə qızardılmış göbələk, ananas, pomidor, soğan halqaları. İstəyinizə görə acı sous da əlavə edə bilərsiniz. 180°C-də 15 dəqiqə bişirin. Hazır olduqdan sonra üzərinə təzə göyərti səpin.
Lent.az