Sağlam qidalanma uzunömürlülüyün və sağlam həyat tərzinin əsasını təşkil edir. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərir ki, müxtəlif meyvə və tərəvəzlərdən ibarət qidalanma infarkt və xərçəng kimi xroniki xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, “Frontiers of Nutrition” jurnalında yayımlanan bir araşdırmaya görə, həftədə 3-4 alma istehlakı erkən ölüm riskini 39% azalda bilər. Bu nəticə, Çində aparılan və on il ərzində 2148 nəfəri əhatə edən bir tədqiqatın nəticəsidir. Eyni zamanda, Yaponiyada aparılan bir araşdırma gündə 3 porsiyadan çox meyvə istehlakının ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinə bağlı ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut edib.
İstifadəsi ilə erkən ölüm riskini azaldan əsas meyvələrin siyahısı:
1. Alma
Liflə zəngin olan almalar xolesterolu azaldır və ürək sağlamlığını dəstəkləyir. A və C vitaminləri ilə zəngin olması insult və tip 2 diabet riskini azaltmağa kömək edir.
2. Qırmızı giləmeyvələr
Çiyələk, qaragilə və moruq antioksidantlarla zəngindir. Antosiyanin maddəsi qocalma prosesini yavaşladır və xərçəng riskini azaldır.
3. Portağal
C vitamini ilə zəngin olan portağal immunitet sistemini gücləndirir. Flavonoidlər ürək sağlamlığını qoruyur və qan təzyiqini tənzimləyir.
4. Nar
Polifenollarla zəngin olan nar qan təzyiqini azaldır, iltihabı aradan qaldırır və ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
5. Banan
Banan lif və kaliumla zəngindir, ürək və həzm sağlamlığını dəstəkləyir. Böyrək daşlarının yaranmasının qarşısını alır.
6. Avokado
Sağlam yağlarla zəngin olan avokado iltihabı azaldır, xolesterolu tənzimləyir və ürək-damar sisteminin sağlamlığını qoruyur.
Meyvələrin tərkibindəki vitamin, mineral və antioksidantlar xroniki xəstəliklərin qarşısını almaqda və ümumi sağlamlıq səviyyəsini yüksəltməkdə vacib rol oynayır. Həyatınıza bu meyvələri daxil edərək sağlam və uzun ömür sürmək şansınızı artırın.
Tərcümə: Könül Oruc