
Qəhvəyi düyü yüksək lif və minerallarla zəngin olsa da, eyni zamanda arsen adlı zərərli maddəni daha çox ehtiva edir. Bu isə xüsusilə uşaqlar üçün risklidir, çünki onların orqanizmi bu maddəyə qarşı daha həssasdır.

E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen kimi tanınan arsen həm də autizm spektri pozuntuları ilə əlaqələndirilir. Qəhvəyi düyü sağlamlıq baxımından faydalı görünsə də, rafinə edilməmiş quruluşu səbəbindən arsen miqdarı ağ düyüyə nisbətən daha yüksəkdir.
Miçiqan Universitetinin tədqiqatçıları tərəfindən 2025-ci ildə aparılan bir araşdırma göstərir ki, qəhvəyi düyüdə arsen miqdarı orta hesabla 0,28 mikroqram, ağ düyüdə isə 0,23 mikroqramdır. Düyünün kəpək hissəsində isə bu rəqəm 2,1 mikroqrama qədər yüksəlir. Bu göstəricilər beynəlxalq normadan aşağı olsa da, xüsusilə körpələr üçün təhlükə yaradır.
Uşaqlar daha çox risk altındadır
6-24 aylıq uşaqlar bədən çəkilərinə nisbətdə daha çox düyü qəbul etdiklərindən, arsen təsirinə daha çox məruz qalırlar. Gündəlik qəbul edilən arsen miqdarı bədən çəkisinin hər kiloqramı üçün 0,59 mikroqrama qədər yüksələ bilər. Bu, uşaqlarda idrak geriliyi və digər inkişaf problemlərinə səbəb ola bilər.
"Frontiers in Pediatrics" jurnalında dərc edilən araşdırmaya görə, arsen uşaqlarda autizm riski ilə əlaqəli ola bilər. Lakin hələlik bu əlaqənin səbəbi və düyü ilə konkret bağları tam izah olunmayıb.
Qəhvəyi düyü balanslı qidalanmanın bir hissəsi ola bilər. Ancaq uşaqlar və həssas şəxslər üçün quinoa, darı, kartof və irmik kimi alternativlər daha təhlükəsiz sayılır.
Arseni azaltmaq üçün nə etməli?
Düyünü bişirməzdən əvvəl yaxşıca yumaq və bol suda bişirmək arsenin miqdarını dərəcədə azalda bilər. Bu sadə üsul həm uşaqların, həm də böyüklərin sağlamlığı üçün önəmlidir.
Tərcümə: Könül Oruc