Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın baş məşqçisi Xorxe Xesus zədəli futbolçu Neymarın yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı sualı cavablandırıb.
E-saglam.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.
Onun sözlərinə görə, Neymar ən azı yanvara qədər Səudiyyə Ərəbistanı çempionatında oynamayacaq.
“Neymar yalnız “Əl-Hilal” deyil, ümumilikdə Səudiyyə Ərəbistanı liqası üçün vacib oyunçudur. Lakin onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Biz Neymarın vəziyyətini yanvar ayında bir daha qiymətləndirəcəyik”, - baş məşqçi deyib.
Xatırladaq ki, Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib. O, “Əl-Hilal”da cəmi 5 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. (Qafqazinfo)