Ağrı bədənin ən vacib xəbərdarlıq siqnallarından biridir və çox vaxt sağlamlıqla bağlı mühüm ipucları verir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bəzi ağrılar sadə səbəblərlə bağlı olsa da, bəziləri ciddi xəstəliklərin ilk əlaməti ola bilər. Bu səbəbdən ağrının xarakterini düzgün qiymətləndirmək vacibdir.
Anesteziologiya və reanimasiya üzrə mütəxəssis Savaş Çömlek qeyd edir ki, uzun müddət davam edən və ya getdikcə güclənən ağrılar diqqətdən kənarda qalmamalıdır. Əgər ağrı 1–2 həftə ərzində keçmirsə, gündəlik həyata mane olursa və ya əlavə simptomlarla müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır.
Qəfil və güclü ağrılar xüsusilə təhlükəli hesab olunur. Bu ağrılar qızdırma, nəfəs darlığı, başgicəllənmə, çəki itkisi və ya ətraflarda zəifliklə birlikdə baş verirsə, təcili tibbi yardım tələb edir. Mütəxəssislər belə hallarda ağrıkəsicilərlə simptomu gizlətmək əvəzinə səbəbi araşdırmağı tövsiyə edir.
Bel və boyun ağrıları çox vaxt əzələ gərginliyi və düzgün olmayan duruşla bağlı olur. Uzun müddət oturmaq, ağır yük qaldırmaq və ya hərəkətsizlik bu ağrıların əsas səbəblərindəndir. Lakin davamlı və gecə artan ağrılar daha ciddi problemlərin əlaməti ola bilər.
Sinə ağrısı xüsusi diqqət tələb edir. Əgər ağrı təzyiq və sıxılma hissi ilə müşayiət olunursa və qol, çənə və ya kürəyə yayılırsa, bu ürək problemlərinin göstəricisi ola bilər. Belə hallarda gecikmədən tibbi yardım almaq vacibdir.
Qarın ağrısı çox vaxt həzm problemləri ilə əlaqəli olsa da, bəzi hallarda appendisit və ya öd kisəsi xəstəliklərinin əlaməti ola bilər. Güclü, artan və qusma və ya qızdırma ilə müşayiət olunan qarın ağrısı təcili müdaxilə tələb edir.
Baş ağrılarının da müxtəlif səbəbləri var. Döyüntü şəklində olan ağrılar çox vaxt miqrenlə bağlı olur. Qəfil və çox şiddətli baş ağrısı isə təhlükəli vəziyyətlərin əlaməti ola bilər və dərhal müayinə tələb edir. Boyundan başlayan və başa yayılan ağrılar isə adətən stress və əzələ gərginliyi ilə əlaqələndirilir.
Mütəxəssislər qeyd edir ki, sağlam həyat tərzi ağrıların qarşısını almaqda mühüm rol oynayır. Mütəmadi hərəkət, düzgün duruş, balanslı qidalanma, kifayət qədər yuxu və stressin idarə olunması həm ağrı riskini azaldır, həm də ümumi sağlamlığı qoruyur.
Tərcümə: Könül Oruc