Başqalarının uğuruna paxıllıq etmək bir çox insanın yaşadığı təbii hisslərdən biridir.
E-saglam.az xəbər verir ki, psixoloq Kseniya Varganova belə vəziyyətdə insanın özünü necə sakitləşdirə biləcəyini və mənfi emosiyadan necə daha düzgün istifadə etməyin mümkün olduğunu izah edib.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə insan özünü paxıllıq hiss etdiyinə görə sərt şəkildə tənqid etməməlidir. “Mən necə də paxıl insanam” kimi düşüncələr vəziyyəti daha da ağırlaşdıra bilər.
Bunun əvəzinə özünüzə daha anlayışlı yanaşmaq və hisslərinizi qəbul etmək tövsiyə olunur. Məsələn, “Hazırda çətin bir hiss yaşayıram. Bu, normaldır və özümə qarşı daha mehriban ola bilərəm” deyə düşünmək mümkündür. Psixoloq bunu özünə qarşı mərhəmət göstərmək kimi izah edir.
Bu yanaşma mənfi emosiyaların intensivliyini azaltmağa və insanın stresslə daha asan mübarizə aparmasına kömək edə bilər. Özünü günahlandırmaq əvəzinə, hissin səbəbini anlamağa çalışmaq daha faydalıdır.
Mütəxəssis həmçinin insanın özündən “Mən əslində nəyə paxıllıq edirəm?” sualını soruşmasını tövsiyə edir. Çünki çox vaxt söhbət ümumi şəkildə “uğurdan” getmir. İnsan konkret olaraq yüksək maaşa, vəzifə artımına, rəhbərliyin diqqətinə, rahat iş qrafikinə və ya maraqlı layihələrdə iştirak etmək imkanına həsəd apara bilər.
Bu səbəbi müəyyən etdikdən sonra həmin hissi öz məqsədləriniz üçün istiqamətə çevirmək mümkündür. Məsələn, başqasının karyera uğuru sizdə narahatlıq yaradırsa, bunun sizdə hansı ehtiyacı üzə çıxardığını düşünmək və həmin istiqamətdə özünüz üçün real addımlar müəyyənləşdirmək olar.
Tərcümə: Könül Oruc