“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb”.
E-saglam.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, hadisə gecə baş verib:
“İlk olaraq növbətçi həkim yeddi dəqiqədən sonra otağa daxil olub. Aidiyyəti qurumlara məlumat verib və tədbirlər görülüb. Qısa müddət ərzində yanğın söndürülüb və digər şöbələrə yayılmasının qarşısı alınıb. Təəssüf ki, dörd körpənin həyatını xilas etmək mümkün olmayıb. Bütün hadisələri diqqətlə araşdırmaq üçün vaxt lazımdır. Təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək”.
12:28
“Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uşaqların ölüm səbəbi araşdırılacaq:
“İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”.
12:18
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gəliblər.
“Qafqazinfo”nun məlumatına görə, onlar hazırda hadisə yerinə baxış keçirirlər.
10:34
Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Bununla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) birgə məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunublar.
Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, üç nəfər tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
Qeyd edilib ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
“Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.
Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - məlumatda bildirilib.