Bal, yoxsa bəkməz? Hansı daha faydalıdır?
Bal, yoxsa bəkməz? Hansı daha faydalıdır?

Uşaqların zəka inkişafı üçün istifadə etdikləri qidalar böyük əhəmiyyət kəsb edir. Bal və bəkməz kimi təbii məhsullar bu baxımdan mühüm rol oynasa da, hansının daha faydalı olduğu maraqla qarşılanıb.

E-saglam.az xəbər verir ki, böyümə və inkişaf çağında olan uşaqlara tez-tez bal və bəkməz yedizdirilməsi onların zəka inkişafına müsbət təsir etdiyi düşünülən bir təcrübədir. Bəs, bu güclü ikili həqiqətən də zəkanı artırırmı? Hansının daha çox təsiri var? 

Balın zəkaya təsiri

Bal tarix boyu bir çox sivilizasiyalar tərəfindən həm qida mənbəyi, həm də təbii dərman vasitəsi kimi istifadə edilmişdir. Bal uşaqlarda və körpələrdə mərkəzi sinir sisteminin inkişafına kömək edir, yaddaşı gücləndirir və narahatlığı azaldır. Böyüklər üçün bal yaxşı bir kalium mənbəyidir və beyin sağlamlığını dəstəkləyir.

Araşdırmalar göstərir ki, bal istehlakı beyin sağlamlığına müsbət təsir göstərir. Təcrübələr göstərib ki, bal ilə qidalanan qrupların koqnitiv funksiyaları daha yaxşı işləyir. Buna görə də balın uşaqların intellektinin inkişafı üçün dolayısı ilə faydalı olduğunu söyləmək olar.

Bəkməzin zəkaya təsiri

Bəkməz, ümumiyyətlə, qanazlığı və immunitet sistemini gücləndirməsi ilə tanınır. Tərkibindəki B1, B3, B5 və B6 vitaminləri sayəsində qidalandırıcı məhsul kimi diqqət çəkir. Lakin bəkməzin tərkibində yüksək şəkər olduğu üçün onu ölçülü şəkildə istehlak etmək vacibdir.

Bəkməz, üzüm və tut kimi yaddaşı gücləndirən qidalarla hazırlandığından, idrak funksiyalarını artırma potensialına malikdir. Bununla belə, bəkməzin hansı şəraitdə hazırlandığı və nə qədər bişirildiyi də çox önəmlidir. Düzgün üsullarla hazırlanan bəkməz uşaqların zəkasının inkişafına müsbət töhfə verə bilər.

Hansı daha faydalıdır?

Hər iki məhsul uşaqların zəkasının inkişafında müxtəlif aspektlərdən təsirli ola bilər. Bal mərkəzi sinir sisteminin inkişafına və ümumi beyin sağlamlığına töhfə verərkən, bəkməz isə tərkibindəki vitamin və yaddaşı gücləndirən qida maddələri ilə zəka inkişafını dəstəkləyə bilər.

Nəticədə hər iki qida maddəsi uşaqların qida rasionuna daxil edilməlidir. Bal və bəkməz balanslı şəkildə istehlak edilən uşaqların ümumi sağlamlığına və zəka inkişafına kömək edəcək. Ona görə də valideynlər hər iki məhsulu balanslı şəkildə uşaqlarının qidalanma proqramına daxil etməyi unutmamalıdırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az