Respublika Neyrocərrahiyyə Xəstəxanasında iki yaşlı körpənin həkim nəzarətsizliyi nəticəsində öldüyü iddia olunur.
E-saglam.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yol-nəqliyyat hadisəsi zamanı körpənin xəsarət alması səbəbindən baş verib:
"Yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) 13.06.2024-cü il tarixində saat 22:00-da huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.
Təəssüf ki, reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının 14.06.2024-cü il tarixində saat 02:30-da posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb".