7-9 Dekabr 2024-cü il tarixlərində Bakıda, Badamdar oteldə Türkiyənin “Pediatrik Uzmanları Akademiyası Dərnəyi” və “Doğu Pediatri Dərnəyi” elmi cəmiyyətlərinin təşkilatçılığı ilə “3-cü Azərbaycan Türkiyə Pediatriya Günləri” adlı elmipraktik konfrans keçirilib.
E-saglam.az xəbər verir ki, tədbirin əsas məqsədi pediatriya və yan ixtisaslarda olan yeni nailiyyətləri müzakirə etmək, əsasən də gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir. Konfransda hədəflənmiş məqsədə çatmaq üçün pediatriyanın demək olar ki, bütün sahələrini əhatə edən əsasən də debat tipli 8 elmi panel iclaslar və konfrans öncəsi 2 tətbiqi kursla elmi proqram hazırlanıb. Konfransın işində yerli alimlərimizin və Türkiyənin nüfuzlu universitetlərinin mütəxəssislərinin məruzələri eyni problemə müxtəlif elmi məktəblərin baxışı ilə müzakirə olunub.
Bildirmək istəyirik ki, ümumilikdə yerli və xarici 30-dan çox məruzəçi öz elmi işlərini təqdim edib. Müxtəlif ölkələrdən olan həmkarlar və yerli mütəxəssislər arasında münasibət qurulması gələcəkdə gənc həmkarlarımızın xarici ölkələrdə müvafiq ixtisasartırma kursları, simpoziumlar və digər təbdirlərdə iştirak etməsini asanlaşdıracaqdır.
Konfransın həmsədrləri Prof. Dr. İlyas Yolbaş və Dos.Dr. Sərxan Elbəyiyevdir.
Konfrans Səhiyyə Nazirliyi və TƏBİB-in təşkilati dəstəyi ilə həyata keçirilib və akkreditasiya olunub.
Tədbirin rəsmi agentliyi "Konora Events" şirkəti və media dəstəyi E-saglam.az sağlamlıq və tibbi xəbərlər portalıdır.
Könül Oruc