Bağırsaq sağlamlığını qorumaq üçün bahalı məhsullara və ya xüsusi əlavələrə ehtiyac yoxdur. Mütəxəssislər bildirirlər ki, bağırsaq mikrobiomunu gücləndirməyin ən təsirli yolu liflə zəngin və minimal emal olunmuş qidalarla qidalanmaqdır.
E-saglam.az xəbər verir ki, sosial mediada və marketlərdə bağırsaq sağlamlığını “möcüzəvi şəkildə” yaxşılaşdırdığı iddia edilən çox sayda məhsul görürük. Halbuki bağırsaqlarda yaşayan faydalı bakteriyaların əsas ehtiyacı düzgün qidadır. BBC-nin də istinad etdiyi mütəxəssis rəylərinə görə, lif bağırsaq mikrobiomunun əsas qida mənbəyidir və onun balansını qoruyur.
Mikroblarınızı xoşbəxt etməyin yolu onları təbii və sağlam qidalarla bəsləməkdir. Çips və şirniyyat kimi yüksək emal olunmuş məhsullar əvəzinə, tam taxıllar, quru meyvələr, paxlalılar və qoz-fındıq bağırsaq sağlamlığını xeyli yaxşılaşdırır. Popkorn, mərcimək, noxud, sadə qoz-fındıq və kefir kimi məhsullar həm lif, həm də faydalı maddələrlə zəngindir.
Dondurma və şəkərli desertlər yerinə dondurulmuş meyvə və kefir kimi alternativlər seçmək bağırsaq bakteriyalarının inkişafını dəstəkləyir. Bu qidalar həm təbii şirinlik verir, həm də mikrobiom üçün faydalı olan canlı mədəniyyətlər ehtiva edir.
Fermentləşdirilmiş qidalar, məsələn, kefir, turş kələm, kimçi və ya kombuça da bağırsaq üçün faydalıdır. Lakin əsas məsələ bunlara həddindən artıq fokuslanmaq deyil, gündəlik qidalanmada lifli meyvə, tərəvəz və paxlalılara üstünlük verməkdir.
Mütəxəssislər probiotik içkilər, tozlar və əlavələr barədə ehtiyatlı olmağı tövsiyə edirlər. Onların əksəriyyətinin real faydasını sübut edən kifayət qədər elmi dəlil yoxdur. Bahalı məhsullara pul xərcləmək əvəzinə, sadə və təbii qidalarla zəngin bir pəhriz bağırsaq sağlamlığı üçün ən doğru və etibarlı seçimdir.
Tərcümə: Könül Oruc