E-saglam.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, burada xala uşaqları, əmi uşaqları və s. daxildir: "Çoxluq bunun tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir".
Həmçinin "Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov qohum nikahları ilə bağlı ictimai dinləmədə çıxış edərkən deyib ki, yaxın qohum evliliklərinin qarşısını almaq üçün qanunvericiliyi sərtləşdirməliyik.
Onun sözlərinə görə, dinləmədə iştirak edənlər arasında sorğu keçirilsə, 50 faizə qədər insanın ailəsində və ya yaxınında öz qohumu ilə evlənən şəxslərin olduğunu ortaya çıxar.
“Belə bir söz var, əmiqızı ilə əmioğlunun nikahını Allah göydə kəsir. Bax biz bu problemlərin qurbanı oluruq. Mütləq qanunvericiliyi sərtləşdirməliyik. Yaxın qohumların nikaha cəhdinin qarşısı ciddi alınmalıdır. Burada cərimələr belə rol oynamayacaq. Maarifləndirmə məsələsində isə əsas güc jurnalistlərin üzərinə düşür”, - o qeyd edib.
Mənbə: Report