“Azərbaycanda güclü zəlzələ proqnozu verənlər nağıl danışırlar”: Doqquz ballıq seysmik zonalar - MÜSAHİBƏ+FOTO
“Azərbaycanda güclü zəlzələ proqnozu verənlər nağıl danışırlar”: Doqquz ballıq seysmik zonalar - MÜSAHİBƏ+FOTO

“Azərbaycanda güclü zəlzələ proqnozu verənlər nağıl danışırlar”

Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq Vulkanizmi Şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev mətbuata açıqlamasında bildirib ki, gələn il Azərbaycanda vulkan püskürəcək.

Bəs vulkan püskürərsə, dağıdıcı zəlzələ baş verə bilərmi?

Məsələ barədə Oxu.Az-ın suallarını Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli cavablandırıb.

- Son zamanlar Azərbaycan ərazisində baş verən zəlzələlərin sayı artıb. Ölkəmizdə olan vulkanların püskürmə səbəbi ətraf zonalarda artan seysmik aktivliklə bağlı ola bilərmi?

- Vulkan püskürəcəksə, gözləyək də. Adil müəllim deyirsə, gözləyək. Qoy püskürsün. Lap yaxşı (gülür). Vulkan püskürməsinə zəlzələlərin baş verməsi, seysmik aktivliyin artmasının təsiri var. Vulkanda gərginlik varsa, tezləşir və püskürür.

- Vulkan püskürərsə, ona yaxın ərazidə yerləşən yaşayış məntəqələrinə necə təsir edəcək?

- Şamaxıda yerləşən vulkan evlərdən uzaqda olduğu üçün təhlükəsi ola bilməz. Amma Abşeron rayonunda vulkanların yerləşdiyi əraziyə yaxın yaşayış məntəqələri var. Təbii ki, təsiri ola bilər. Rayonda Nübar qəsəbəsi salınıb və vulkana yaxındır. Həmin evlərdə çatlar da əmələ gəlir. Orada vətəndaşlar az qala vulkanın kraterində ev tikirlər.

- Son günlər ölkəmizdə və sərhəddə baş verən zəlzələlərin sayı artıb. Neçə bal olarsa, qorxuludur?

- İran-Türkiyə sərhədində və İranda baş verən zəlzələ bizim bəzi rayonlarımızda hiss olundu. Ən son İsmayıllıda 2,9 bal gücündə zəlzələ oldu ki, az adam hiss etdi. Ölkədə bir gündə 50-ə yaxın təkan qeydə alınır. Onların içində bir-ikisi hiss oluna bilər. Üç bala qədər olanlar, adətən, hiss edilmir.

- Azərbaycanda ən çox seysmik aktivlik müşahidə edilən ərazilər hansılardır?

- Xəzər dənizi, Şamaxı, İsmayıllı, Quba, Xaçmaz, Şəki, Zaqatala, Talış və Naxçıvan zonası. Hansı zona deyim daha?.. Hamısı 8-9 ballıq zonadır. Ölkəmiz seysmik zonada yerləşir. Yer daxilində gedən dinamik proseslər bir-biri ilə bağlıdır. Günəş aktivliyi, tutulması, vulkanın püskürməsi və digər tektonik qırılmalar böyük əraziləri silkələyir, oyadır. Bunun nəticəsidir ki, müəyyən dövrlərdə aktivləşmə artır.

- Fövqəladə Hallar Nazirliyi ilə seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması barədə məlumat vermişdiniz. İşlər nə yerdədir?

- Mənim kabinetimdə illər əvvəldən olan xəritələr asılıb. Orada hansı bölgədə neçə bal zəlzələ ehtimalı olduğu qeyd olunub. Gələn il Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparacağıq.

- Həmin xəritədə tikinti aparan şirkətlər üçün zonalar haqqında məlumat olacaqmı?

- Təbii ki. Bizdə binalar normal tikilərsə, 10 ballıq zəlzələyə dözə bilər. Demirəm ki, tam yerində qalacaq. Təbii ki, çatlar əmələ gələ bilər. Bu, binaların tikilməsindən asılıdır. Türkiyədə də zəlzələ olan zaman tam dağılmayan binalar var idi. Bakıda hər küçə üzrə ayrıca binaaltı geoloji məlumatlar, neçə bal zəlzələ ehtimalı olan ərazidə yerləşdiyi haqqında bütün məlumatlar olmalıdır ki, güclü zəlzələ baş verəndə həmin tikili buna davam gətirsin. Binaları tikmədən əvvəl ayrıca detallı tədqiqat aparmaq lazımdır. Sadəcə, bina tikib, satmaq lazım deyil. Elə tikməlisən ki, sabah zəlzələ olanda bina başına uçmasın.

- Son zamanlar bəzi ekspertlər deyirlər ki, Azərbaycanda da güclü zəlzələ gözlənilir. Təbii ki, zəlzələnin olması proqnozunu vermək olmur. Bəs bu cür ekspertlər nəyə əsaslanıb belə açıqlamalar verirlər?

- Bu işdən xəbəri olmayanlar özlərini tanıtmaq üçün belə bir açıqlama verirlər. Onlar internetdən, oradan-buradan nəyisə oxuyur və nağıl danışırlar. Deyirlər ki, Azərbaycanda güclü zəlzələ olacaq. Kim deyir ki, olmayacaq?!. Təbii ki, ölkəmiz seysmoloji aktiv bölgədə yerləşir və zəlzələnin olması təbiidir. Yadımdadır ki, keçən il fevral ayında Türkiyədə zəlzələ olan zaman dedilər ki, bir il sonra İstanbulda güclü zəlzələ olacaq. Bir neçə ay qalıb. Görək nə olacaq? Proqnoz demək mümkün deyil. Onda 20 milyonluq İstanbul əhalisi çamadanı üstündə oturmalıdır ki, zəlzələ olacaq? Belə populist çıxışlar çoxdur və mən əhəmiyyət vermirəm (gülür). Bu sahəni bilməyən, yerindən qalxan proqnoz verir. Deyilən fikirlərin izahı olmalıdır.


Emlakbazari.az emlak elanları saytı