“Azərbaycanda necə deyərlər, möcüzəvi hadisə baş verib. Cəmi 10 faiz yaşamaq şansı olan körpə sağlam şəkildə dünyaya gəlib”
Bu sözləri E-saglam.az-a açıqlamasında uzman cərrah mama-ginekoloq Aynurə Nəcəfəliyeva deyib.
Onun sözlərinə görə, ötən ilin iyul ayında pasiyent 13 həftəlik hamiləlik, gribal infeksiya və buna bağlı qarında ishal, beldə kəskin ağrı və temperaturla həkimə müraciət edib və anidən uşağın suyu gəlib: "Bu cür hadisələr hamiləliklərdə baş verə bilir. Lakin 13-cü həftədə su gəlmədən sonra 90 faiz ehtimalda doğuş başlayır və hamiləlik sonlandırılır. Uşaq ana bətnində sağ olsa belə bu həftədə yaşamaq şansı yoxdur. Azərbaycanda nadirən də olsa, ilk dəfə belə hal yaşanırdı".
A.Nəcəfəliyeva deyib ki, ümumiyyətlə, bu hamiləliyi sonlandırmağı planlayıblar: "Son anda ultrsəs müayinəsi etdik, amnion suyunun tam bitmədiyini, deşilmiş su kisəsinin az da olsa bağlana biləcəyi ehtimalını gördük. Ailəyə bütün riskləri izah etdik".
Uzman ginekoloq bildirib ki, uşağın yaşama ehtimalının 10 faiz olduğunu və çətin bir prosesin onları gözlədiyini ailəyə söyləsə də, ailə bütün çətinlikləri gözə alaraq razılıq verib: "Əslində burda müalicə ilə yanaşı, pasiyentin Allaha olan inamı, inancı və dirənişi də ona kömək etdi. Pasiyentə bütün hamiləlik boyu yataq rejimi, antibiotikterapiya, doğuşun başlamasının qarşısını alan progesteron müalicəsi, uşaqlığın yığılmasının qarşısını alan dərman müalicəsi tətbiq olundu. Açılışın olduğu müddətdən iki həftə sonra ümumi narkoz verərək serklaj əməliyyatı icra etdik və pasiyenti evə göndərdik".
A.Nəcəfəliyevanın sözlərinə görə, bütün çətinliklərə baxmayaraq uşağın durumu hər zaman yaxşı olub, heç bir problemi olmayıb: "Sadəcə su bitsəydi, artıq hamiləliyin davamı olmayacaqdı. Və nəhayət, uşaq 39-cu həftənin tamamında sağlam şəkildə, normal doğumla dünyaya gəldi".
Uzman ginekoloqun sözlərinə görə, ümumiyyətlə, 13-cü həftəsində suyu gələn bir pasiyentdə hamiləliyin davam etmə və uşağın yaşama şansı çox azdır:
"Bu hal baş verən zaman ana üçün əsas risk infeksiyadır. Suyu gələn anada sepsis və başqa ağırlaşmalar ola bilər. Təbii ki yetərli müdaxilə və müalicə edilməzsə. Uşaq üçün böyük risk yoxdur, çünki 13 həftəlik hamiləlikdə "hamı-heç" qanunu var. Ya uşaq məhv olacaqdı, ya da bizim pasiyentimizdəki kimi su duracaq və uşaq yaşayacaqdı. Uşaq üçün olan risk isə erkən doğuşun olma ehtimalıdır".
Video: https://www.instagram.com/reel/Cn7R-Hlof5m/
Könül Oruc