Axşam saatlarında intensiv idmanla məşğul olmaq orqanizmin bioloji ritmini poza və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, kardioloq, tibb elmləri doktoru Andrey Kondraxin NEWS.ru-ya açıqlamasında bildirib ki, gec saatlarda, xüsusilə 21:00–22:00 aralığında edilən ağır fiziki yüklənmələr insan orqanizminin təbii fəaliyyət rejiminə uyğun gəlmir.
Mütəxəssisin sözlərinə görə, axşam saatlarında bədən istirahətə və yuxuya hazırlaşmağa başlayır. Bu zaman intensiv məşqlər orqanizmi əlavə gərginliyə məruz qoyur və adaptasiya mexanizmlərini işə salır.
Həkim qeyd edib ki, müasir işıqlandırma sistemləri insanların gec saatlara qədər aktiv qalmasına imkan versə də, bioloji saat hələ də təbii sirkadiyan ritmlərə uyğun işləyir. Bu ritmlərin pozulması yuxu keyfiyyətinə, ürək-damar sisteminə və ümumi sağlamlığa mənfi təsir göstərə bilər.
Kondraxinin sözlərinə görə, xüsusilə gənclər bu riskləri dərhal hiss etmədikləri üçün problemin ciddiliyini qiymətləndirmirlər. Lakin uzun müddət davam edən gecə məşqlərinin təsirləri zamanla toplanaraq sağlamlıq problemlərinin yaranma riskini artıra bilər.
Mütəxəssis fiziki aktivliyin günün daha erkən saatlarında həyata keçirilməsinin orqanizm üçün daha faydalı olduğunu vurğulayıb.
Tərcümə: Könül Oruc