“Arterial hipertenziyaya müasir protokollar əsasında baxış” mövzusunda təlim keçirilib
“Arterial hipertenziyaya müasir protokollar əsasında baxış” mövzusunda təlim keçirilib

Xətai Tibb Mərkəzində kliniki protokolların tətbiqi ilə bağlı “Arterial hipertenziyaya müasir protokollar əsasında baxış” mövzusunda təlim keçirilib.

Bu barədə E-saglam.az-a Xətai Tibb Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, təlimdə TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva, Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov, Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Saniyeva, baş həkim əvəzi Zemfira Həyatova, direktorun inzibati işlər üzrə müavini Elcan İsmayılov və tibbi heyət iştirak edib.

Mərkəzin uzman-terapevti Çinarə Səfərova arterial hipertoniyaya müasir yanaşma ilə bağlı öz təcrübəsini bölüşüb. Uzman-terapevt sağlam həyat tərzi keçirən, yəni hər gün ən azı iki saat açıq havada gəzən, yuxusuna və qidalanmasına fikir verən adamlarda arterial təzyiqə nadir hallarda rast gəlindiyini bildirib.

Kliniki protokolların tətbiqi üzrə Xətai Tibb Mərkəzinin məsul şəxsi, nevroloq Günel Adıgözəlova kəskin serebrovaskulyar xəstəliklər zamanı hipertenziyanın müasir müalicəsinə dair metodlardan söz açıb. O, kəskin vəziyyətlərdə hansı addımların atılması, əsasən, intravenoz dərman preparatlarının istifadəsinə üstünlük verilməli olduğu barədə danışıb.

Mərkəzinin Acil şöbəsinin həkimi Sevinc Qəhrəmanova isə arterial hipertenziyanın idarə olunmasının müasir metodlarının izahını verib. Həkim kəskin vəziyyətlərdə dərman təyinatı qaydalarını və bəzən göstəriş olmadığı hallar üzrə dərman vasitələrindən istifadə etməyin məsləhət görülmədiyini qeyd edib.

Sonda TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva təlimlə bağlı iştirakçılara öz tövsiyələrini verib. Həmçinin belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Davamlı tibbi təhsil şöbəsinin müdiri, tibb elmləri doktoru Emil İskəndərov çıxışçılara, Xətai Tibb Mərkəzinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını dilə gətirib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

E-saglam.az