Çəki vermək sağlamlıq və həyat keyfiyyətimizi artırsa da, düzgün yanaşma olmadıqda bədənin ən böyük orqanı olan dərimiz bu dəyişikliklərə mənfi reaksiya verə bilər.
E-saglam.az xəbər verir ki, tez arıqlamaq, qeyri-kafi qidalanmaq və fiziki passivlik dəridə sallanma, boşalma və qırışların yaranmasına səbəb ola bilər. Bəs arıqlayarkən dərimizin sağlam, gərgin və parlaq qalması üçün nələrə diqqət etməliyik?
1. Yavaş və davamlı arıqlayın
Tez arıqlamaq dərinin uyğunlaşmaq imkanını azaldır. Ayda 2-4 kq arıqlamaq həm sağlamlıq, həm də dərinin toparlanması baxımından ideal sayılır. Bu zaman dərinizin altındakı dəstək toxumalar bir qədər zaman qazanır və boşalma riski azalır.
2. Zülal qəbulunu yetərli saxlayın
Zülal dəri elastikliyinin qorunmasında mühüm rol oynayan kollagen və elastin liflərinin yaranması üçün vacibdir. Pəhriz zamanı bədəninizin ehtiyac duyduğu miqdarda zülal almağa diqqət edin. Toyuq, yumurta, balıq, qatıq, mərci və paxlalılar faydalı seçimlərdir.
3. C vitamini və kollagen dəstəyi
C vitamini kollagen istehsalında əsas rola malikdir. Limon, portağal, kivi, brokoli və bibər kimi qidalarla bədəninizə C vitamini təmin edə bilərsiniz. Əlavə olaraq, kollagen əlavələri də bəzən dəri elastikliyini qorumaqda faydalı ola bilər (mütəxəssislə məsləhətləşərək qəbul edilməlidir).
4. Bol su için
Nəmlənmiş dəri daha elastik və canlı görünür. Arıqlama prosesində su itkisinin artması dərinin qurumasına və çatlamasına səbəb ola bilər. Gündəlik ən azı 8 stəkan (təxminən 2 litr) su içmək həm metabolizmi dəstəkləyər, həm də dərini içdən nəmləndirər.
5. Fiziki fəaliyyətə ağırlıq məşqlərini əlavə edin
Arıqlama zamanı yalnız pəhriz yox, eyni zamanda əzələ kütləsinin qorunması da vacibdir. Əzələ dərinin altında bir dəstək rolunu oynayır. Ağırlıq və müqavimət məşqləri dərinin sallanmasının qarşısını almaqda kömək edir.
6. Dərinin qulluq rutininə laqeyd yanaşmayın
Dəriyə xarici baxım da əhəmiyyətlidir. Nəmləndirici kremlər, masajlar və qidalandırıcı yağlarla dəriyə qulluq onu elastik və canlı saxlayar. Duşdan sonra bədənə yağlı nəmləndirici tətbiq etmək xüsusilə faydalıdır.
7. Siqaret və spirt istehlakından uzaq durun
Siqaret və spirt kollagen parçalanmasını sürətləndirir, dərinin erkən qırışmasına səbəb olur. Bu zərərli vərdişlərdən uzaq durmaq təkcə dəriniz üçün deyil, ümumi sağlamlığınız üçün də vacibdir.
8. Günəşdən qorunun
Günəş şüaları kollageni məhv edərək dərini zəiflədir və vaxtından əvvəl qırışmalara səbəb olur. Arıqlama dövründə günəşdən qoruyucu krem istifadə etmək dəri elastikliyinin qorunmasına kömək edər.
Tərcümə: Könül Oruc