Qidalanma mütəxəssisi bildirir ki, arıqlama prosesində şəkəri tam qadağan etmək mütləq deyil, əsas məsələ ümumi kalori balansını qorumaqdır.
E-saglam.az xəbər verir ki, qidalanma üzrə məşqçi Yuri Brabeçanın sözlərinə görə, çəki itkisi yalnız kalori çatışmazlığı hesabına baş verir və şəkər təkbaşına bu prosesi dayandırmır.
Şəkər arıqlamağa necə təsir edir?
Mütəxəssis izah edir ki, problem şəkərin özü deyil, onun çox zaman əlavə kalori mənbəyinə çevrilməsidir. Şəkərli içkilər, desertlər, souslar və hazır qidalar gündəlik normadan artıq kalori yığılmasına səbəb ola bilər.
Onun sözlərinə görə, fərq edilmədən gündə əlavə 500 kkal qəbul etmək belə çəki artımına gətirib çıxara bilər.
Gündəlik şəkər norması nə qədər olmalıdır?
Brabeçanın tövsiyəsinə görə, arıqlama dövründə əlavə şəkər qəbulu gündə 20–30 qramdan çox olmamalıdır. Məsələn, bir qutu qazlı şirin içki artıq bu normaya yaxın və ya onu keçən miqdarda şəkər ehtiva edə bilər.
Arıqlamaq istəyənlər üçün əsas tövsiyə
Mütəxəssis ilk mərhələdə, xüsusilə ilk iki həftə ərzində, şəkərli içkilərin tamamilə rasiondan çıxarılmasını tövsiyə edir. Bunun əvəzinə su, çay və şəkərsiz qəhvəyə üstünlük verilməsi daha effektiv hesab olunur.
Tərcümə: Könül Oruc