
Yeni araşdırmaya görə, 2022-ci ildə 3 milyondan çox uşaq antibiotiklərin təsir etmədiyi infeksiyalar səbəbilə həyatını itirib.

E-saglam.az xəbər verir ki, Avstraliyadakı Murdoch Uşaq Araşdırma İnstitutundan Yanhong Jessika Hu və Clinton Health Access Initiative-dən Herb Harwellin rəhbərlik etdiyi araşdırma göstərib ki, Afrika və Cənub-Şərqi Asiyada uşaqlar bu təhlükə ilə daha çox üzləşirlər.
Tədqiqatçılar antibiotiklərin istifadəsinin son illərdə xeyli artdığını və bu dərmanların yalnız ağır hallarda istifadə edilməsinin vacibliyini vurğulayıblar. Əgər bakteriyalar antibiotiklərə qarşı dözümlü olarsa, bu zaman müalicə üçün başqa seçim qalmaya bilər.
ÜST və Dünya Bankı kimi qurumların məlumatlarına əsaslanan araşdırma göstərir ki, son üç ildə antibiotiklərə qarşı dözümlü infeksiyaların sayı 10 dəfə artıb. Bunun səbəblərindən biri kimi COVID-19 pandemiyası göstərilir.
Antibiotiklərin artıq təsir etməməsi bu gün səhiyyə sahəsindəki ən ciddi problemlərdən biri hesab olunur. Bu vəziyyətin əsas səbəblərindən biri isə antibiotiklərin lazımsız və səhv şəkildə istifadəsidir.
Bundan əlavə, yeni antibiotiklərin hazırlanması çox vaxt və maliyyə tələb etdiyinə görə, bu sahədə irəliləyişlər zəifdir.
Vyanada keçirilən elmi konqresdə araşdırmanın nəticələrini təqdim edən professor bildirib:
“Antibiotiklərin təsirsiz olması artıq qlobal problemdir və hamımızı əhatə edir. Biz isə diqqətimizi xüsusilə uşaqlar üzərində cəmlədik. Araşdırmalar göstərir ki, 2022-ci ildə bu səbəbdən təxminən 3 milyon uşaq həyatını itirib.”
Harwell isə əlavə edib ki, gigiyena, təmiz suya çıxış və immunitetin gücləndirilməsi bu problemlə mübarizədə mühüm rol oynaya bilər.
BBC-yə danışan doktor Lindsey Edvards isə deyib:
“Bu nəticələr səhiyyə liderləri üçün ciddi xəbərdarlıq olmalıdır. Təcili tədbirlər görülməsə, xüsusilə də riskli bölgələrdə uşaqların sağlamlığı sahəsində əldə edilən nailiyyətlər ciddi zərər görə bilər.”
Zəhra Niftiyeva