Tibbi xəbərlər
Alzheimer xəstəliyində yaddaş itkisini
Tibbi xəbərlər
10

Alzheimer xəstəliyində yaddaş itkisini yavaşlatmağın yeni yolu tapıldı

Alimlər Alzheimer xəstəliyində yaddaş itkisi ilə əlaqəli olan PTP1B adlı fermenti hədəf alan yeni müalicə yanaşması hazırlayıblar.

E-saglam.az xəbər verir ki, son araşdırmalar göstərir ki, bu fermentin fəaliyyətini zəiflətmək beynin immun hüceyrələrinin işini gücləndirərək xəstəliyin irəliləməsini yavaşlada bilər.

Tədqiqat nəticələri göstərib ki, PTP1B fermenti immun hüceyrələrində əvvəllər məlum olmayan bir siqnal tənzimləmə roluna malikdir. Bunun basdırılması mikroqliya adlanan beyin immun hüceyrələrinə Alzheimerlə əlaqəli amiloid-β lövhələrini daha effektiv təmizləməyə imkan yaradır. Normalda bu hüceyrələr beyində tullantıları təmizləyir, lakin xəstəlik irəlilədikcə zəifləyir və funksiyalarını itirirlər.

Alimlər həmçinin PTP1B-nin mikroqliyanın zədələnməyə reaksiyasını və lövhələrin təmizlənməsini tənzimləyən xüsusi bir proteinlə qarşılıqlı təsirdə olduğunu müəyyən ediblər. Bu qarşılıqlı təsirin zəiflədilməsi hüceyrələrin işini gücləndirə bilər.

PTP1B fermenti həm də piylənmə və 2-ci tip diabet kimi metabolik xəstəliklərdə rol oynayır. Bu xəstəliklərin hər ikisi Alzheimer üçün risk faktoru olduğundan, yeni metodun geniş təsir potensialı var.

Hazırda PTP1B inhibitorlarının müxtəlif xəstəliklər üçün istifadəsi araşdırılır. Alimlər gələcəkdə mövcud Alzheimer dərmanlarının bu inhibitorlarla birlikdə tətbiq edilə biləcəyini və daha effektiv kombinasiyalı müalicə formalarının yaradıla biləcəyini istisna etmir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Alzheimer xəstəliyinin erkən mərhələlərində xolinesteraza inhibitorları (donepezil), inkişaf etmiş mərhələlərində isə memantin kimi preparatlar istifadə olunur. Yeni yanaşma onların təsirini tamamlayaraq xəstəliyin gedişini yavaşlatmağa kömək edə bilər.

Alzheimer xəstəliyi dünyada 55 milyonadək insanı təsirləyir və demensiya hallarının təxminən 70 faizini təşkil edir. Yeni tapıntı bu xəstəliyin inkişafını ləngitmək və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün ümidverici bir istiqamət hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun