Alkomed Klinikasının narkologiya şöbəsinin müdiri, narkoloq Andrey Tyurin alkoqolizmi erkən mərhələdə necə müəyyən etmək barədə izah verir.
E-saglam.az xəbər verir ki, bir çox insan alkoqolizmi yalnız ağır sosial deqradasiya ilə əlaqələndirir. Əslində isə bu xəstəlik illər ərzində, çox vaxt diqqətsiz bir şəkildə inkişaf edir. Erkən mərhələlərdə problem sosial cəhətdən "normal" görünə bilər.
Asılılığın mərhələləri
Mütəxəssisə görə, alkoqol asılılığının üç mərhələsi mövcuddur.
Erkən mərhələdə insan alkoqolu əhval-ruhiyyəsini tənzimləmək üçün istifadə etməyə başlayır. Müəyyən rituallar formalaşır: məsələn, cümə günü mütləq içmək və ya hər hadisəni "qeyd etmək". Bu mərhələdə doza üzərində nəzarət hələ qorunur.
Orta mərhələdə nəzarət zəifləyir. Spirtli içki qəbulundan sonrakı səhər tərləmə, titrəmə kimi fiziki simptomlar meydana çıxır. Bu əlamətlər asılılığın artıq formalaşdığını göstərir.
Son mərhələdə isə həm şəxsiyyət, həm də bədən ciddi zərər görür. Sərxoş olmaq üçün az miqdarda içki kifayət edir. İnsan laqeydləşir, yaddaşını itirir və sosial deqradasiya qaçılmaz olur.
Özünüzü yoxlayın: 4 əsas sual
1. Nəzarəti itirirsinizmi? Planlaşdırdığınızdan daha çox içdiyiniz olurmu?
2. Şəxsiyyətiniz dəyişibmi? Daha əsəbi və ya soyuq olmusunuz? Ailəyə, dostlara və ya hobbilərə marağınız azalıbmı?
3. Fiziki simptomlar varmı? İçkidən sonrakı səhər tərləmə, titrəmə və ya daxili gərginlik hiss edirsinizmi?
4. İçmək "məcburi" hala gəlibmi? Axşam içməyi planlaşdırırsınızsa və bu plan pozulduqda özünüzü qəzəbli hiss edirsinizsə, bu bir siqnaldır.
Nə etməli?
Andrey Tyurinə görə, bu suallardan ən azı ikisinin cavabı "bəli"dirsə, asılılıq ehtimalı çox yüksəkdir. Bu halda mütəxəssisə - narkoloji həkimə müraciət etmək tövsiyə olunur. Erkən müraciət müalicənin uğur şansını əhəmiyyətli dərəcədə artırır.
Əgər siz və ya yaxınlarınız bu əlamətləri hiss edirsinizsə, peşəkar yardım almaqdan çəkinməyin.
Tərcümə: Könül Oruc