Tibbi xəbərlər
Alimlər xərçəngin zəif nöqtəsini
Tibbi xəbərlər
157

Alimlər xərçəngin zəif nöqtəsini tapmış ola bilər

Xərçəng hüceyrələri böyümək, yayılmaq və yaşamaq üçün sağlam hüceyrələrdən daha çox enerji tələb edir.

E-saglam.az xəbər verir ki, ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları məhz bu xüsusiyyətdən yola çıxaraq şişlərin hansı qida maddələrindən istifadə etdiyini və bu maddələri necə emal etdiyini araşdırıb. "Nature Reviews Cancer" jurnalında dərc edilən tədqiqat xərçəng araşdırmalarında yeni bir dövrün başlanğıcı ola bilər.

Tədqiqatın əsasını sürətlə inkişaf edən metabolomik texnologiyalar təşkil edir. Bu üsullar elm adamlarına xərçəng hüceyrələrinin istehlak etdiyi molekulları və şişlərin enerji istehsal etmək üçün istifadə etdiyi bioloji prosesləri daha dəqiq izləmək imkanı verir.

Tədqiqatçılar müəyyən ediblər ki, xərçəngin bütün növləri eyni şəkildə qidalanmır. Bəzi şişlər müəyyən qida mənbələrinə bağlı olsa da, digərləri ətraf mühit şəraitindən asılı olaraq fərqli enerji yollarına keçə bilir. Tədqiqatın müəlliflərindən biri, professor Qari Patti bildirir ki, metabolomika sahəsindəki irəliləyişlər sayəsində alimlər artıq xərçəng hüceyrələrinin nəyi "yediyini" daha aydın görə bilirlər.

Mütəxəssislərə görə, xərçəng hüceyrələrinin istifadə etdiyi metabolik yolların xəritələşdirilməsi gələcəkdə şişlərin enerji mənbələrini hədəf alan daha həssas diaqnostika üsullarının və yeni müalicə metodlarının inkişafına ciddi töhfə verə bilər. Tədqiqatçılar bu tapıntıların xərçəngin necə böyüdüyünü anlamaqda mühüm addım olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun