Qidalanma
Alimlər C vitamini ilə bağlı 5 əsas mifi
Qidalanma
109

Alimlər C vitamini ilə bağlı 5 əsas mifi təkzib ediblər

Askorbin turşusu (C vitamini) ilə bağlı geniş yayılmış bir çox fikirlər reallığı tam əks etdirmir.

E-saglam.az xəbər verir ki, Perm Politexnik Universitetinin alimləri bu mövzuda aparılan araşdırmaları təhlil edərək nəticələri URA.RU ilə bölüşüblər.

Mif 1: Nə qədər çox C vitamini qəbul etsəniz, immunitet bir o qədər güclü olar.

Bu fikir doğru deyil. Kişilər üçün gündəlik norma 90 mq, qadınlar üçün 75 mq, uşaqlar üçün yaşdan asılı olaraq 15–45 mq təşkil edir. Hamilə qadınlarda bu göstərici 120 mq-a qədər yüksəlir. Orqanizm artıq C vitaminini asanlıqla xaric edir. Böyüklər üçün təhlükəsiz yuxarı hədd gündə 2000 mq hesab olunur. Bu normanın aşılması ishal, qarın ağrısı, baş ağrısı, yuxusuzluq, allergiya və hətta böyrək daşlarına səbəb ola bilər.

Mif 2: Sitrus meyvələri C vitamininin əsas mənbəyidir.

Əslində, ən zəngin mənbələrdən biri itburnudur - 100 qram quru meyvədə 1200 mq-a qədər C vitamini var. Ondan sonra qırmızı bolqar bibəri (250 mq), qara qarağat və dəniz ağtikanı (təxminən 200 mq), kivi (180 mq) və cəfəri (150 mq) gəlir. Müqayisə üçün, portağalda təxminən 60 mq, limonda isə 40 mq C vitamini mövcuddur. Qidalardan alınan təbii C vitamini həblərlə müqayisədə daha təhlükəsiz sayılır, çünki lif onun sorulmasını tənzimləyir və artıq dozanın qarşısını alır.

Mif 3: Termik emal olunmuş qidalar faydasızdır.

C vitamini düzgün bişirmə üsulları ilə qorunub saxlanıla bilər. Buxarda və ya sobada bişirmə daha zərif üsullar hesab olunur. Qaynatma zamanı qidanı qapaq altında və güclü qaynamadan uzaq şəkildə bişirmək tövsiyə edilir. Salatlar üçün tərəvəzlərin qabıqlı şəkildə bişirilməsi də faydalıdır. Duz, şəkər, sirkə və süd məhsulları əsasında hazırlanan souslar askorbin turşusunun parçalanmasının qarşısını ala bilər.

Mif 4: Tərəvəzləri əvvəlcədən doğramaq olar.

Bu yanaşma düzgün deyil. Tərəvəzlər doğrandıqdan sonra havaya məruz qalır və 1-2 saat ərzində C vitamininin 20-30%-i itə bilər. Uzun müddət saxlandıqda isə bu itki 50%-ə qədər arta bilər. Buna görə də tərəvəzləri bişirmədən və ya istifadə etməzdən dərhal əvvəl doğramaq məsləhətdir.

Mif 5: Səhərə başlamaq üçün ən yaxşı seçim portağal suyudur.

Portağal suyunu acqarına içmək mədəni qıcıqlandıra bilər. Üstəlik, bir stəkanda 17-20 qram şəkər olur ki, bu da qazlı içkilərlə müqayisə edilə bilər. Bu, qanda qlükozanın sürətlə yüksəlməsinə və qısa müddət sonra yenidən aclıq hissinin yaranmasına səbəb olur. Həmçinin, bir stəkan şirə üçün adətən 2-3 portağal istifadə olunur və bu zaman meyvənin faydalı lifləri itirilir. Daha sağlam seçim meyvəni bütöv şəkildə qəbul etməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun