Ağ çörək gündəlik istehlak edilən qida olsa da, sağlamlıq üçün bir çox riskləri var.
Bu sözləri E-saglam.az-a açıqlamasında Sağlam qidalanma mütəxəssisi Yeganə Nəsirli deyib.
O bildirib ki, ağ çörək emal olunmuş undan hazırlandığından tərkibindəki lif, vitamin və minerallar kifayət qədər azdır. Bu, qida balansını pozur və bədənin ehtiyac duyduğu qida maddələrinin qəbulunu məhdudlaşdırır:
"Yüksək glisemik indeksə malik ağ çörək qan şəkərini sürətlə artır və sonra ani düşməyə səbəb olur Bu, insulin müqaviməti və diabet riskini artıra bilər.
Aşağı qida dəyəri, zəif doyurucu xüsusiyyətlər və qan şəkərinin sürətlə yüksəlməsi çəki artımına və piylənməyə yol açır.
Tərkibində lifin az olması həzm sisteminin sağlamlığına mənfi təsir göstərir. Qəbizlik kimi bağırsaq problemlərinə səbəb ola bilər.
Emal olunmuş un məmulatlarının istehlakı ürək-damar xəstəlikləri riskini artırır".
Y.Nəsirli qeyd edib ki, ağ çörək kimi emal edilmiş un məhsullarına daha şüurlu yanaşmaq sağlamlıq üçün vacibdir:
"Tam taxıl çörəyi kimi yüksək qida dəyəri olan alternativlərin seçilməsi və işlənmiş qidalardan qaçınılması sağlam qidalanma rejiminin əsasını təşkil edir. Sağlam bir həyat üçün ağ çörəyə yox demək, qidalanma vərdişlərimizi və bədən sağlamlığımızı qorumaq üçün mühüm addımdır.
Una ağlıq verən kimyəvi maddələr sağlamlığa zərərli olduğu üçün əksər ölkələrdə istifadəsi qadağan edilmişdir. Tam buğda unu isə sağlam və faydalı qida maddələrini özündə saxlayır və qəhvəyi rəngdədir".