ABŞ-də tapılan nadir ilan artıq 7 aydır normal yaşayır və belə görünür ki, ikinci başı ona mane olmur.
E-saglam.az xəbər verir ki, bu barədə "Popular Science" yazır.
Kaliforniya ştatının Berkli şəhərində yerləşən "East Bay Vivarium" laboratoriyasının iki işçisi 7 ay əvvəl inkubatordan çıxardıqları ilan balasını görəndə çox təəccübləniblər. "Lampropeltis California" növünə aid zəhərsiz ilan balasının iki başı var.
Bu növ ilanlar ABŞ-nin qərb hissəsində yaşayır və yarımsəhra, seyrək meşə, çay kənarındakı kolluqları üstün tuturlar. "Lampropeltis California" ilanları 1.5 metr uzunluğa qədər böyüyür və insanlar üçün təhlükə təşkil etmirlər. Onlar kərtənkələlər, gəmiricilər və digər ilanlarla qidalanırlar.
İlan qidalanmaq üçün dominant başdan istifadə edir, ikinci baş isə demək olar ki, qida ilə maraqlanmır və hətta yeməyə belə cəhd etmir. Laboratoriya işçiləri hesab edirlər ki, ikinci baş ilanın heç bir orqanını idarə etmir və onun qida borusu iki bədənin birləşdiyi yerdə bitir.
Oxu.az
E-saglam.az