Özünü məktəbin sanitar qovşağının pəncərəsindən atdığı deyilən şagird xəstəxanadan evə buraxılıb.
Bu barədə E-saglam.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
“16 yaşlı vətəndaş (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda deyilir.
Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır.
İdarədən bildirilib ki, məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.