
Sağlam bədənə sahib olmaq və gün ərzində özünü enerjili hiss etmək üçün mütəxəssislər hər gecə 7-8 saat yuxunu təklif edir. Lakin bəzən bu mümkün olmur. Bəs, 7 saat yatmayanda orqanizmə nə olur?

E-saglam.az 7 saat yatmayanda orqanizmdə baş verən dəyişiklikləri təqdim edir:
Dərinin solğunluğu və gözəlliyin zəifləməsi
Yuxusuzluq ilk olaraq dərini zədələyir. Qan axını azalır, bu da dərinin solğunlaşmasına, parlaqlığını itirməsinə səbəb olur. Kortizol hormonu artdıqca, dərinin iltihablanma riski yüksəlir, qızartı, qaşınma və həssaslıq yarana bilir.
Dəri problemlərinin ortaya çıxması
Yuxusuz insanların 15%-i dırnaqlarının kövrək olduğunu, 24%-i həssas dəri problemi çəkdiyini bildirir. Bundan başqa ekzema (16%), sədəf (7%) və solğun dəri tonu (10%) kimi problemlər müsahibə olunan insanlar arasında qeyd edilib. Yuxu dərinin bərpasına kömək edir, amma kifayət qədər istirahət etmədikdə bu proses pozulur.
Çəki artımı və metabolizmin yavaşlaması
Yuxusuzluq aclıq hissini tənzimləyən hormonları balansdan çıxarır. Qrelin hormonu artdıqca insan daha çox yemək istəyir, leptin hormonu azaldıqca toxluq hissi yaranmır. Bu balanssızlıq çəki artışına, şişkinliyə və şəkərli qidalara olan istəyin artmasına səbəb olur. Sorğunun nəticələrinə görə, yuxusuz insanlardan 26%-i artıq çəkidən, 32%-i isə şişkinlikdən şikayət edir.
Bədən temperaturunun dəyişərək əllərin və ayaqların soyuması
Sirkadiyalı ritmlər bədənin daxili saatını tənzimləyir. Yuxunun olmaması bədənin temperaturu idarə etmə qabiliyyətini pozur, bu da əllərdə və ayaqlarda soyuma hissi yarada bilir.
Kortizol səviyyəsi
Bədənin bioloji saatı kortizol hormonu vasitəsilə idarə olunur. Normalda bu hormon səhər saatlarında artır, günorta azalmağa başlayır. Lakin yuxusuzluq bu sistemi pozur, bədəndə maddələr mübadiləsini yavaşlatır, yorğunluq və diqqət çatışmazlığı yarada bilir.
Sizə nə qədər yuxu lazımdır?
Yetkin insanlar günlük 7-9 saat yuxuya ehtiyac duyurlar. Yeniyetmələr, uşaqlar və körpələr daha çox yuxuya ehtiyac duyur, çünki onlar hələ böyümə prosesindədirlər.
Yuxu rejiminizi qorumaq orqanizminizin uzunmüdətli sağlamlığı və rifahı üçün vacibdir.
Tərcümə: Könül Oruc