5 nəfəri öldürən Əhməd bu halda azadlığa çıxa bilər -
5 nəfəri öldürən Əhməd bu halda azadlığa çıxa bilər -

Hüquqşünas Əsabəli Mustafayev Teleqraf.com-un suallarını cavablandırıb.

E-saglam.az həmin müsahibəni təqdim edir:

Bir ailənin 5 üzvünün qətli cəmiyyətdə böyük sarsıntı yaradıb. Ailə üzvlərini amansızlıqla öldürən Əhməd Əhmədovla bağlı həbs qətimkan tədbiri seçilib. Onun ixtisaslı xəstəxanada qeydiyyatda olduğu bildilir, qohumları da onun psixoloji narahatlığı barədə danışıb. Hadisə zamanı Əhməd Əhmədovun anlaqsız olduğu ekspertiza tərəfindən sübuta yetirilərsə, məhkəmə onun barəsində hansı qərarı verəcək?

- Cəmiyyətin narahatlığını bölüşürəm. Əvvəlcə dedilər ki, bu adam gənc yaşlarında da cinayət törədib, ancaq valideynlərinin imkanları hesabına cəzadan azad olunub. Belə hal cəzasızlıq gətirir, şəxsi yeni cinayətə sövq edir. İnsanların da narazılığı budur ki, necə olur ölkədə belə cəzasızlıq mühiti formalaşır?..

İkinci məqam odur ki, deyirlər, adam ruhi xəstədir, əslində müalicə almalıdır. Hamıda sual yaranır: necə ola bilər ki, ciddi və təhlükəli xəstəliyi olan biri sərbəst gəzir, taksiçilik edir, insanlara xidmət göstərir?

Hesab edirəm ki, istintaq bu məqamları çox ciddi araşdırmalıdır. İstintaq orqanı yalnız bu cinayətlə kifayətlənməməlidir. Tutmasımı tutdu, ya affekt vəziyyətinəmi düşdü, getdi beş nəfəri öldürdü - araşdırma bununla məhdudlaşmamalıdır. Bu cinayəti yaradan səbəblər ortaya çıxarılamlıdır. Gəncliyində bıçaqlanma hadisəsi törədibmi - bu da araşdırılmalıdır.

- Əhmədin 10 il əvvəl bıçaqladığı şəxsin anası televiziyada canlı yayıma qoşularaq deyib ki, oğlu yarımcan qalıb, amma ölməyib. Yəni belə bir bıçaqlanma hadisəsi olub.

- Əhməd Əhmədovun qohumu müsahibə verib ki, elə bir hadisə baş verməyib, hansısa dostu ilə kiçik mübahisəsi olub, barışıq əldə edilib. Görürsünüzmü, müdafiə edənlər də var. Bu, ailədəki tərbiyənin nəyə gətirib çıxardığını göstərir.

Əhməd Əhmədovu nə gözləyir? Hətta sağlam adam da affekt vəziyyətinə düşüb cinayət törədə bilər. Belə hadisələr olur. Adətən, qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində kimdəsə psixoloji şok yaranır və affekt vəziyyətinə düşür. Hansı hərəkəti etdiyini başa düşmür və cinayət törədir. Ruhi xəstələrdə bu, daha qabarıq ola bilər. İstintaq həmin anda o şəxsin affekt vəziyyətində olub-olmadığını müəyyənləşdirməlidir.

Ekspertiza müəyyən eləsə ki, o, affekt vəziyyətində olub, yəni öz hərəkətlərini idarə edə bilməyən, hərəkətlərinin nəticəsini görməyən bir vəziyyətə düşüb, bu halda o, cəzadan azad ediləcək.

Deyirlər, oğlanın Moskvada yaxşı imkanlı dayısı var. Uşağı nə üçün birinci cinayətindən yayındırıblar?! Sonra da müalicəyə qoymayıblar. Guya ailənin imicinə zərər dəyməsin. Uşağı xəstəxanada müalicə etmək guya imicə zərər vurur. Qorxuram ki, o ailənin qalan yaxınları tərəfindən belə təşəbbüslər yenidən göstərilsin. Ona görə də istintaqın gedişatına mətbuat və cəmiyyət tərəfindən nəzarət lazımdır.

- Ekspertiza Əhməd Əhmədovun anlaqsız vəziyyətdə olduğunu təsdiqləyərsə, o, məsuliyyətdən azad olunub psixiatriya xəstəxanasına göndəriləcəkmi?

- Bu halda onu məcburi müalicəyə göndərəcəklər. Affekt vəziyyətinə düşməyin səbəbləri var, bu səbəblər də müəyyənləşməlidir.

Ümumiyyətlə, bizim qanunlar affekt vəziyyətində olan şəxsi cəzadan azad edir. Ancaq həmin şəxsin ruhi narahatlığının olması özlüyündə onun cəzadan azad olmasına hüquqi əsas vermir. Ola bilsin, ruhi xəstədir, amma hərəkətlərini idarə edə və nəticəsini görə bilir. Bu halda şəxs qanunda nəzərdə tutulmuş cəzanı alır. Əgər xəstəlik hansısa məqamda tutursa, müalicə alır, sonra yenidən cəzaçəkmə müəssisəsinə keçirilir. Bu hadisədə əsas istintaq və məhkəmənin qərarıdır.

Hadisələrin gedişatına baxın, adam atasını, ayrı evdə qalan bacısını və onun azyaşlı övladını öldürür, sonra zəng edib məktəbdən anasını çağırır. Yəni bu, artıq göstərir planlaşdırılmış bir şeydir. Kimi harada tapacaq, necə öldürəcək, bir sözlə, bitkin bir plan hazırlayıb. Bu, affekt vəziyyəti sayıla bilməz.

Affekt vəziyyətində olan insanın törədəcəyi qətli o dərəcədə planlaşdırması mümkün deyil. Ona görə, təsdiq olunsa ki, qatil doğrudan sxem üzrə hərəkət edib, deməli, ortada qəsd və istək var.

Şəxsən mən burada açıq-aşkar qəsd görürəm. Belədə o şəxs qanunvericiliyimizdə olan ən ağır cəza gözləyir. Mütləq ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

- Belə olan halda psixoloji narahatlığının olduğu deyilən Əhməd Əhmədovun müalicə alıb cəmiyyətə buraxılması mümkün olmayacaq, müalicədən sonra cəzaçəkmə müəssisəsinə köçürüləcək?

- O şəxs müalicəsini həbsdə çəkəcək. İstənilən insan cəza çəkən zaman xəstələnə bilər. Xroniki və ya müvəqqəti xəstəlikləri ola bilər. Pentensiar Xidmətin özünün tibb mərkəzi var, məhkumlar müalicə alır və yenidən cəzaçəkmə müəssisənə qaytarılırlar.

- Bəs anlaqsız olduğu sübuta yetirilsə, onun ruhi xəstəxanada müalicədən illər sonra cəmiyyətə qayıtması gerçəkləşə bilər?

- Anlaqsızlığı irəli sürülsə, bəli, yenidən cəmiyyətimizə qayıtması mümkündür. Əgər o xəstə idisə, valideynlərinin təkidi ilə xəstəxanadan çıxarılıbsa, səhiyyə müəssisəsinin də günahı var. Müalicə başa çatmamış, yenidən hansısa bir affekt vəziyyət və ya psixoloji şok yaranmayacağına əmin olmadan onu buraxmaq olmazdı, o, ömrü boyu müalicə almalıdır.

Affekt vəziyyəti olubsa, bu o demək deyil ki, bir ay müalicə aldı və yenidən cəmiyyətə qayıtmalıdır. Bunu səhiyyə müəssisəsi müəyyən eləməlidir ki, bu adamda belə tutmalar gələcəkdə də mümkündürmü?..

- Şəxslə bağlı illər sonra tibb müəssisəsi artıq sağaldığı qənaətinə gələrsə, bu zaman ona kim qəyyum ola bilər?

- Əgər xəstəlikdən tam sağalırsa, o, fəaliyyət qabiliyyətli sayılır və qəyyuma ehtiyacı olmur. Ruhi xəstə kimi müəyyən olunarsa, məhkəmə qaydasında fəaliyyət qabiliyyətli olmadığı, yəni öz hüquqlarını həyata keçirə və ya müdafiə edə bilməyəcəyi dəqiqləşərsə, o zaman ona yaxın qohumlarından kimsə qəyyum kimi təyin olunur. Elə adamı yoxdursa, icra hakimiyyətləri nəzdində himayədarlıq və qəyyumluq şöbələri var. Onlar tərəfindən kimsə qəyyum təyin oluna bilər.

- Azərbaycanda baş verən analoji qətl zamanı hansı cəza verilib?

- Axırıncı dəfə iki nəfərin ölümü ilə nəticələnən qətl hadisəsini xatırtlayıram. Özüm də vəkil kimi proseslərdə iştirak eləmişəm. Ancaq birdən-birə beş ailə üzvünün qətlinə, açığı, praktikada rast gəlməmişəm. Yəqin ki, olmayıb. Bu nadir hadisə bəlkə də ilk olduğu üçün cəmiyyətdə bu cür müzakirələr yaradıb.

E-saglam.az