Britaniyada 44 yaşlı qadının sosial mediada populyarlaşan aşvaqandha tərkibli qida əlavəsini uzun müddət qəbul etdikdən sonra ağır qaraciyər çatışmazlığı yaşadığı bildirilir.
E-saglam.az xəbər verir ki, qadının hekayəsini Britaniyanın "The Mirror" nəşri yayıb.
Məlumata görə, Lois Kinder təxminən bir il ərzində hər gün qəhvəsi ilə birlikdə aşvaqandha tərkibli qida əlavəsi qəbul edib. O, bu əlavədən sağlamlığını və ümumi vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edib. Lakin bir müddət sonra gözləri və dərisi saralmağa başlayıb.
Qadın daha sonra evində huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya çatdırılıb. Həkimlər onda kəskin qaraciyər çatışmazlığı aşkarlayıblar. Məlumata görə, vəziyyət o qədər ağır olub ki, ona qaraciyər transplantasiyası lazım gəlib.
Əməliyyat və sonrakı müalicə dövründə qadının ürəyi üç dəfə dayanıb. Nəticədə beyində ağır zədələnmə baş verdiyi bildirilir. Kinder hazırda komadan çıxıb, lakin danışa bilmir və intensiv nevroloji reabilitasiya keçir.
Həkimlər qadının ailəsinə qaraciyər çatışmazlığının qəbul etdiyi qida əlavəsi ilə əlaqəli olduğunu bildiriblər. Aşvaqandha son illərdə xüsusilə stress, yuxusuzluq və menopauza ilə bağlı şikayətlər üçün sosial mediada geniş şəkildə tanıdılan bitki mənşəli əlavələrdən biridir.
Bununla belə, aşvaqandhanın bütün istifadəçilərdə belə ağır nəticələrə səbəb olduğunu söyləmək olmaz. Mütəxəssislər qida əlavələrinin də yan təsirlərinin və dərmanlarla qarşılıqlı təsirlərinin ola biləcəyini bildirirlər. Bu səbəbdən xüsusilə uzun müddət istifadə planlaşdırılırsa, belə məhsulları həkimlə məsləhətləşmədən qəbul etmək tövsiyə edilmir.
Tərcümə: Könül Oruc