Ailə psixoloqu Svetlana Qlaqolanın sözlərinə görə, 30 yaş ətrafında insanlarda həyatını və prioritetlərini yenidən nəzərdən keçirmə ilə müşayiət olunan dövr başlaya bilər.
E-saglam.az xəbər verir ki, bu mərhələdə bəzi insanlar özlərinə yeni çağırışlar axtarmağa, qeyri-adi və spontan istəklər yaşamağa başlayırlar. Psixoloq bu barədə Lenta.ru-ya danışıb.
Mütəxəssisin fikrincə, 30 yaşdan sonra yaranan belə istəklər təsadüfi olmaya bilər. İnsan həyatının əvvəlki mərhələsində təxirə saldığı maraq və ehtiyaclarını daha aydın hiss etməyə başlaya bilər.
Psixoloq bu dövrdə insanların həyatlarında müxtəlif dəyişikliklər etməyə meylli olduqlarını qeyd edib. Məsələn, bəzi insanlar idmana daha ciddi yanaşmağa, marafonlarda iştirak etməyə və fiziki dözümlülüklərini sınamağa başlayırlar.
İlk baxışdan bu qərarlar yalnız sağlam həyat tərzi ilə bağlı görünsə də, onların arxasında psixoloji səbəblər də dayana bilər. Qlaqolanın fikrincə, insan şüuraltı olaraq öz gücünü və imkanlarını sınamaq, həyatında nəyi dəyişə biləcəyini görmək istəyə bilər.
"Beyin insanı müxtəlif çətinliklərin öhdəsindən gəlməyə və özünə hələ də güclü olduğunu sübut etməyə sövq edə bilər", – deyə psixoloq bildirib.
Mütəxəssis marafon nümunəsini də bununla əlaqələndirib. Onun sözlərinə görə, həyatın digər sahələri qeyri-müəyyən və xaotik olduqda, marafon kimi konkret məqsədi və ölçülə bilən nəticəsi olan fəaliyyət insana nəzarət hissi verə bilər.
Qlaqola vurğulayıb ki, 30 yaş ətrafında yaşanan dəyişikliklər hər kəsdə eyni formada özünü göstərmir. Bu dövr daha çox insanın həyatını, məqsədlərini və prioritetlərini yenidən qiymətləndirdiyi mərhələ kimi qəbul edilə bilər. İnsanların hansı istiqamətdə dəyişiklik etməsi isə onların əvvəlki həyat təcrübəsindən, ehtiyaclarından və qarşılaşdıqları vəziyyətlərdən asılıdır.
Tərcümə: Könül Oruc