Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb.
E-saglam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən keçən, 2014-cü il təvəllüdlü uşaq (qadın cinsli) cərrahi əməliyyata götürülüb və pəncə nahiyəsindəki yad cisim - iynə parçası təhlükəsiz şəkildə xaric edilib:
"Məlumat üçün bildirək ki, bu cür hallar kifayət qədər təhlükəli hesab edilir. İynə, iynə qalığı və ya digər yad cisimlər, xüsusilə ayaqaltı bölgədə lokalizasiya olduqda, hərəkətlə daha da dərinləşə və ətraf toxumalarda ciddi fəsadlara yol aça bilər. Belə hallarda dərhal həkimə müraciət edilməlidir", - deyə o bildirib.