Yandex watch
100 yaşlı iki qadın uzun ömrün əsl sirrini açıqladı:

Sağlam və uzun ömür hər kəsin arzusudur. Adətən bunun üçün pəhriz, idman və nizamlı həyat tərzi tövsiyə olunur. Ancaq 100 yaşdan yuxarı iki qadının həyat hekayəsi göstərir ki, uzunömürlülük düşündüyümüzdən daha fərqli səbəblərlə bağlı ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, məzmun yaradıcısı Yair Brachiyahu bu məqsədlə 100, 101 və 90 yaşlı üç qadınla görüşərək onların həyat fəlsəfəsini öyrənib. Ortaya çıxan nəticələr fiziki sağlamlıqdan çox, psixoloji və sosial rifahın ön planda olduğunu göstərir.

Uzun ömrün qızıl açarı

Bu qadınların fikrincə, uzunömürlülük idmandan və ya pəhrizdən daha çox mənəvi tarazlıqla bağlıdır. Onlar nə qədər hərəkət etdiklərini və ya nə yediklərini deyil, kimlə vaxt keçirdiklərini, nə qədər güldüklərini və həyatı necə sevdiklərini vurğulayırlar.

Müsahibələrə əsasən, uzun ömrə töhfə verən əsas üç amil bunlardır:

– Xoşbəxt və stresssiz həyat tərzi

– Zehni daim aktiv saxlamaq üçün kitab oxumaq

– Güclü sosial əlaqələr və dəstək mühiti

Sosial şəbəkələrdə geniş maraq doğuran bu müsahibələr bəziləri tərəfindən ilhamverici, digərləri tərəfindən isə qeyri-real hesab edilib. Bir izləyici belə yazıb: “Eşitdiyim ən vacib şeylər bunlardır: Özünü sev, həyatını sev, stress etmə və sadəcə yaşa.” Digəri isə uzunömürlülüyün açarının maliyyə müstəqilliyi olduğunu bildirib. Eyni zamanda idman etməməyi düzgün hesab etməyənlər də olub: “İdman etməmək? Bu pis tövsiyədir,” – deyə bir istifadəçi bildirib.

Elm nə deyir?

Araşdırmalar bu fikirləri qismən dəstəkləyir. Tədqiqatlar göstərir ki, xoşbəxt insanlar daha uzun ömür sürür. Məsələn, bir araşdırmaya görə, xoşbəxtlik səviyyəsi yüksək olan şəxslərdə beş il ərzində vaxtından əvvəl ölüm riski 3,7 faiz azalır.

Xoşbəxtliyin stressin azaldılması, immun sisteminin gücləndirilməsi və ürək sağlamlığına müsbət təsiri elmi olaraq sübut olunub. Nikbinlik isə insanın 85 yaş və daha çox yaşamasına təsir edən əsas faktorlardan biri kimi qiymətləndirilir.

Əlbəttə, balanslı qidalanma, siqaretdən uzaq durmaq və fiziki aktivlik sağlam həyat üçün əvəzolunmazdır. Ancaq 100 yaşlı bu qadınların hekayələri göstərir ki, psixoloji rahatlıq və sosial əlaqələr də ən azı fiziki sağlamlıq qədər vacibdir. Bəzən bir gülüş və ya mehriban bir söhbət ömrünüzü uzada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az