ABŞ-də yaşayan Savannah Caldwell adlı 25 yaşlı qadın uzun müddət davam edən yorğunluq və səbəbsiz sümük ağrılarından sonra həkimə müraciət edib. Nəticədə onda IV mərhələ döş xərçəngi – invaziv kanal karsinoması diaqnozu qoyulub.
E-saglam.az xəbər verir ki, onun hekayəsi People nəşrində yayımlanıb.
Savannah qeyd edir ki, qeyri-adi yorğunluq ilk əlamət olub. “25 yaşım var və bu qədər yorğun hiss etməli deyildim. Üstəlik, səbəbi bilinməyən, dərin sümük ağrılarım var idi”, – deyə o bildirib. 2025-ci ilin yazında döşündə bir kütlə aşkar etdikdən sonra aparılan biopsiya nəticəsində xərçəng təsdiqlənib.
Həkimlər xəstəliyin artıq onurğa, qabırğalar və ağciyərlərə metastaz verdiyini bildiriblər. Hazırda xəstəliyin beyinə yayılıb-yayılmadığı araşdırılır. Genetik analiz zamanı Savannah-da BRCA geni də aşkarlanıb ki, bu da döş və yumurtalıq xərçəngi riskini artırır.
Savannah kimyaterapiya müalicəsinə başlayıb və eyni zamanda sosial media vasitəsilə müalicə prosesini paylaşaraq həm emosional güc tapmağa, həm də maarifləndirmə aparmağa çalışır. Müalicənin təsirlərindən biri kimi onda barmaq və ayaq barmaqlarında keyimə, karıncalanma (neyropatiya), eləcə də gecə tərləmələri və yuxusuzluq yaranıb.
Bütün bu çətinliklərə baxmayaraq, Savannah mübarizədən vaz keçmir. Onun növbəti mərhələdə şüa terapiyası və immunoterapiya alacağı bildirilib.
Tərcümə: Könül Oruc