Psixologiya
Yerə baxaraq gəzmək nəyi göstərir?
Psixologiya
110

Yerə baxaraq gəzmək nəyi göstərir? Mütəxəssislər izah edir

Gəzərkən yerə baxmaq vərdişi çoxlarına adi görünür, lakin psixoloqlar bu davranışın bəzi psixoloji səbəblərlə əlaqəli ola biləcəyini bildirirlər.

E-saglam.az xəbər verir ki, araşdırmalara görə, insanların bir hissəsi diqqəti toplamaq, bəziləri isə sosial stimullardan yayınmaq üçün yeriyərkən baxışlarını aşağı salır.

Mütəxəssislər qeyd edir ki, bu vərdiş bəzən diqqət çatışmazlığı, artan narahatlıq, introvertlik və ya yüksək idrak yükü kimi amillərlə bağlı ola bilər. Lakin davranışın səbəbi həmişə psixoloji pozuntu olmur – kontekstə görə qiymətləndirilməlidir.

Klinik psixologiyada göz təmasından çəkinmək sosial narahatlığın əlamətlərindən biri hesab edilir. Sosial narahatlıq yaşayan şəxslər insanların onları mühakimə edəcəyi ilə bağlı narahatlıq duyduqları üçün baxışlarını aşağı salmağa meyl göstərirlər. Tədqiqatlar belə insanların xüsusən izdihamlı yerlərdə göz təmasından qaçdıqlarını göstərir.

Şəxsiyyət psixologiyasına görə, introvert fərdlər xarici stimullaşdırmanı azaltmaq üçün də baxışlarını aşağı yönəldə bilərlər. Bu davranış özünəinam azlığından deyil, enerji sərfini tənzimləmə ehtiyacından qaynaqlana bilər.

Bəzi hallarda dərin düşüncə və idrak yükü də buna səbəb olur. Problemlər üzərində düşünən insanlar ətraf mühitlə vizual təması azaldaraq sabit bir nöqtəyə — çox vaxt yerə — fokuslanırlar.

Mütəxəssislər əlavə edirlər ki, baxışların davamlı aşağı yönəlməsi, əyilmiş duruş və enerjisizlik bəzən əhval pozuntuları ilə üst-üstə düşə bilər, lakin təkcə bu davranış diaqnoz üçün kifayət deyil.

Uzmanlara görə, yerə baxaraq gəzmək təkbaşına psixoloji problem sayılmır. Lakin bu davranış davamlı qaçınma, sosial izolyasiya və gündəlik narahatlıqla müşayiət olunarsa, peşəkar dəyərləndirmə faydalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun