Son illərdə populyarlıq qazanan uzunömürlülük pəhrizi sağlam və aktiv yaşlanmanı dəstəkləyən ən təsirli qidalanma modellərindən biri kimi göstərilir. Bu pəhrizin mərkəzində isə ənənəvi, sadə, lakin son dərəcə güclü bir qida qrupu dayanır: paxlalılar.
E-saglam.az xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk bildirir ki, həftədə 2–3 dəfə paxlalı yemək uzunömürlülüyə gedən qapını geniş şəkildə açılır. “Mavi Zonalar” – İkarya, Sardiniya, Nikoya, Loma Linda və Okinava kimi uzunömürlü insanların yaşadığı bölgələrdə aparılan araşdırmalar da göstərir ki, bu insanların gündəlik rasionunda paxlalıların xüsusi yeri var.
Uzunömürlülük pəhrizi bitki mənşəli, liflə, antioksidantlarla və sağlam yağlarla zəngin qidalanma modelidir. Paxlalılar bu pəhrizin həm qida dəyəri, həm də xəstəliklərdən qoruyan təsiri səbəbindən əsas komponentlərdən biri sayılır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, fast food mədəniyyəti ənənəvi paxlalı yeməklərdən uzaqlaşdırsa da, lobya, mərcimək və noxud kimi qidaların müntəzəm istifadəsi xolesterolu aşağı salır, ürək-damar sistemini qoruyur və infarkt riskini 40 faizə qədər azalda bilir.
Paxlalılar həm də aşağı qlisemik indeksə malik olduqları üçün qan şəkərini balanslaşdırır, toxluq yaradır və diabet riskini azaldır. Onların tərkibindəki davamlı nişasta və FODMAP karbohidratları bağırsaq florasını gücləndirərək immuniteti dəstəkləyir.
Tərkibində yüksək protein, antioksidantlar, B vitaminləri, maqnezium, dəmir və omeqa-3 olan paxlalılar xərçəng riskinin azalması, damarların qorunması, sümük sağlamlığının güclənməsi kimi çoxsaylı faydalar təmin edir. Bişirmədən əvvəl islatmaq isə lektin və fitatların mənfi təsirini minimuma endirir.
Mütəxəssislər tövsiyə edir: paxlalıları tərəvəzlərlə, bulqur və ya düyü ilə birlikdə yemək, limon və qatıq kimi əlavələrdən istifadə etmək həm udulmanı artırır, həm də qidanın balansını yaxşılaşdırır.
Tərcümə: Könül Oruc