Qastroenteroloq Vladimir Loginov təzə soğanın bəzi xəstəlikləri olan insanlar üçün ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, qastroezofageal reflüks xəstəliyi və diafraqma yırtığı olan şəxslər üçün təzə soğan xüsusilə risklidir. Soğanın tərkibindəki maddələr mədədə turşunu saxlayan aşağı özofageal sfinkteri zəiflədir və bu da güclü ürək yanması, turş gəyirmə və bəzən infarkta bənzər sinə ağrısına səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlar da soğandan ehtiyatlı olmalıdır. Soğanın tərkibində olan fruktanlar bağırsaqda fermentasiya olunaraq qaz, qıcolma, ishal və ya qəbizlik kimi problemlərə yol aça bilər.
Loginov əlavə edib ki, pankreatit zamanı təzə soğan qəti şəkildə məsləhət görülmür. Soğanın efir yağları mədəaltı vəzini ferment ifrazına stimullaşdırır və bu, bəzi hallarda güclü ağrı və ağır fəsadlara səbəb ola bilər. Hətta remissiya dövründə belə bu xəstələrə yalnız bişmiş soğan istifadə etmək tövsiyə olunur.
Həkim bildirib ki, yüksək turşuluqlu qastrit və mədə xorası zamanı da təzə soğan mədənin selikli qişasını qıcıqlandıra və turşu ifrazını artıraraq ağrı, ürəkbulanma və bəzən qanaxma riskini yüksəldə bilər.
Onun sözlərinə görə, bəzi ürək-damar xəstəlikləri olan insanlarda da soğan problemlərə səbəb ola bilər. Şişkinlik diafraqmaya təzyiq göstərə və bu da nəfəs darlığı, ürəkdöyünmə və sinə ağrısı kimi simptomlara yol aça bilər.
Tərcümə: Könül Oruc