İsti hava bir çox insanda narahatlıq yaradır, xüsusilə də əllərdə və ayaqlarda yaranan şişkinlik yay aylarında geniş yayılmış problemdir.
E-saglam.az xəbər verir ki, London General Practice-in həkimi Dr. Navid Asif bildirib ki, yüksək temperatur zamanı qan damarları genişlənir və ətraflara qan axını artır. Bu isə toxumalarda maye yığılmasına və nəticədə şişkinliyə səbəb olur.
Ən çox risk altında olanlar arasında hormonal dəyişikliklər səbəbilə hamilə qadınlar, yaşlı şəxslər və xroniki xəstəlikləri olan insanlar yer alır. Dr. Asif şişkinliyi azaltmaq üçün aşağıdakı tədbirləri tövsiyə edir:
-
Oturarkən ayaqları yuxarı qaldırmaq;
-
Boş ayaqqabılar və xüsusi sıxıcı corablardan istifadə etmək;
-
Bədənə kifayət qədər su qəbul etmək – bu, orqanizmdə artıq maye yığılmasının qarşısını alır;
-
Duzlu qidalardan və uzun müddət ayaq üstə qalmaqdan çəkinmək;
-
Kondisioner, ventilyator və ya sərin vannalardan istifadə etməklə bədəni sərin saxlamaq.
Həkim bildirir ki, bu kimi şişkinliklər çox vaxt zərərsiz olur və yay mövsümündə tez-tez rast gəlinir. Lakin şişkinliklə yanaşı nəfəs darlığı, sinə ağrısı və ya dəri rəngində dəyişiklik kimi simptomlar müşahidə edilərsə, bu ciddi sağlamlıq probleminin əlaməti ola bilər və dərhal mütəxəssisə müraciət olunmalıdır.
Tərcümə: Könül Oruc